Əsas Səhifə > Cəmiyyət, Manşet > HAFKA İŞÇİLƏRİN HAQQINI YEYİR

HAFKA İŞÇİLƏRİN HAQQINI YEYİR


13-10-2011, 17:54
HAFKA İŞÇİLƏRİN HAQQINI YEYİR

“BAHAR ENERGY” İŞÇİLƏRİ AYAĞA QALXDI

Bu gün Bahar Energy əməliyyat şirkətinin 50-yə yaxın işçisi Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarından biri olan Faiq Abbasovun Turana verdiyi məlumata görə, şirkətin 210 işçisi müqavilə müddətinin başa çatması ilə əlaqədar ixtisar edilib. “Bizim aramızda illərlə stajı olan, müddətsiz əmək müqaviləsi olanlar var. Lakin “Qum adası” NQHİ bu şirkətin tabeçiliyinə verildikdən sonra onun rəhbərliyi bizimlə müddətli əmək müqavilələri bağladı. Bu zaman şifahi olaraq bildirildi ki, müqavilələrin müddəti uzadılacaq. Lakin bizi işdən qovdular”, deyə Abbasov bildirib.

O, həmçinin qeyd edib ki, neftçilər ona görə həmkarlar ittifaqının binası qarşısına toplaşıblar ki, uzun illərdir ittifaqa pul ödəyiblər. Buna baxmayaraq, həmkarlar ittifaqı qanunsuzluğa göz yumur və işçiləri müdafiə etmir.

Həmkarlar İttifaqının sədri Cahangir Əliyev məzuniyyətdədir. Onun müavini Fətulla Fətullayev qeyd edib ki, işçilərin şikayətini qəbul edib və yaxın zamanda şikayətə baxılacaq.

Qeyd edək ki, Bahar Energy Operating Company Limited “Bahar” və “Qum adası” dəniz yataqları blokunda kəşfiyyat, reabilitasiya, emal və hasilat layihəsinin operatorudur.

Şirkət BƏƏ-də qeydiyyatdan keçib. “Bahar” və “Qum adası” dəniz yataqları blokunda kəşfiyyat, reabilitasiya, emal və hasilatı üzrə PSA tipli müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə 2009-cu ilin dekabrında 5 il uzadılma mümkünlüyü ilə 25 il müddətinə bağlanıb.

İlkin mərhələdə SOCAR-ın payına düşən karbohidrogenlər 40%, sonradan 90% təşkil edəcək. İnvestisiya həcmi təxminən 1 mlrd. dollar təşkil edir.

Bahar Energy-nin təsisçisi Baghlan Group, Greenfield İnternational və RAFI Oil şirkətləridir.

Qeyd edək ki, Bahar Energy Operating Company Limited-in sahibi tanınmış iş adamı Hafiz Məmmədovdur. “Hafka” kimi tanınan bu adam eyni zamanda “Bakı” futbl klubunun prezidentidir. Bəzi məlumatlara görə, Hafiz Məmmədov eyni zamanda futbol qumarına da nəzarət edir. Belə ki, “TOPAZ” qumarxanaları onundur.


Geri qayıt