Əsas Səhifə > Sosial, Manşet > DAHA İKİ RAYONDA CİDDİ NARAZILIQ VAR

DAHA İKİ RAYONDA CİDDİ NARAZILIQ VAR


16-05-2012, 18:39
DAHA İKİ RAYONDA CİDDİ NARAZILIQ VAR

HAKİMİYYƏT QUBA OLAYLARININ ARDINDAN MƏXFİ SORĞULAR KEÇİRİB

DİA.AZ: - 1 Mart Quba hadisələri əslində iqtidar düşərgəsi üçün çox ciddi əhəmiyyət daşıdı. Ən azından o səbəbə görə ki, hətta kənar müdaxilələr və kənar rejissorlar olsa belə, bir məmur, prezidentin yerdəki nümayəndələrindən biri məhz narazı kütlənin iradəsi ilə vəzifəsindən uzaqlaşdırıldı. Son illərdə ilk dəfə idi ki, kütlənin iradəsi hansısa yenilikdə rol oynayırdı ki, bu da əslində hazırki iqtidar komandası üçün olduqca təhlükəli əhəmiyyət daşıyır.

O səbəbə görə ki, YAP iqtidarı tamam fərqli prinsiplərlə idarə olunur və hansısa islahat aparılarkən narazı kütlənin deyil, iqtidarın öz prinsipləri və maraqları əldə rəhbər tutulur. Bu, həm də hakim komanda üçün prioritet mövqedə dayanan bir faktor olduğundan Qubada baş verənlərə ciddi reaksiyaların gələcəyi əslində gözlənilən idi.

Doğrudur, Azərbaycanın «Avroviziya-2012» mahnı yarışmasına ev sahibliyi etməsi və bu səbəbdən də az qala bütün hakimiyyətin, dövlət resurslarının beynəlxalq müsabiqə tədarükünə cəlb olunması Qubada baş verən olayların xüsusi diqqətə alınmasını ləngitmiş oldu. Amma görünəni bu imiş. Reallıqda isə hakim düşərgə 1 mart hadisələrini ciddi şəkildə təftiş etməkdədir.

Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbələrin bilgisinə görə, hətta Quba olaylarının ardından respublikanın əksər rayonlarında məxfi sorğular keçirilib: «Son olaraq icra başçılarının dəyişdirilməsilə bağlı həyata keçirilən yeniliklərdə də bu məqam mühüm rol oynayıb və birbaşa olaraq nəzərə alınıb. Lakin daha iki rayon var ki, həmin bölgələrdə əhalinin ciddi şəkildə narazı olmasına baxmayaraq, hələ də həmin rayonların rəhbər strukturlarında hər hansı yenilik aparılmayıb».

Mənbəmiz bildirir ki, hakimiyyətin xüsusi qruplarının keçirdiyi sorğulardan belə aydın olub ki, Qazax və Tovuz rayonlarında da əhalidə yerli rəhbərlikdən kəskin narazılıqlar var və hətta bu narazılıqlar hakimiyyətə qarşı qiyama qədər inkişaf edə bilər: «Məsələ, yəni bu qədər ciddidir. Və gözlənilir ki, «Avroviziya» yarışması bitər-bitməz bu iki rayonun icra başçısı istefaya göndərilsin».


Geri qayıt