Əsas Səhifə > Siyasət, Manşet > HANSI NAZİRƏ ««AVROVİZİYA» BİTSİN» DEYİLDİ?

HANSI NAZİRƏ ««AVROVİZİYA» BİTSİN» DEYİLDİ?


16-05-2012, 13:52
HANSI NAZİRƏ ««AVROVİZİYA» BİTSİN» DEYİLDİ?

HAKİMİYYƏT DƏ YARIŞMANIN BİTMƏSİNİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİR

DİA.AZ: - Hakimiyyət içində durum günü-gündən gərginləşməkdədir. Doğrudur, bu baş verənlər özünü hansısa formada ciddi olaraq hiss etdirməsə də, əslində vəziyyət iqtidar düşərgəsi üçün o qədər də ürəkaçan deyil. Artıq hakimiyyət daxilindəki qruplaşmalar bir-birilərinə bıçaq çəkəcək qədərində əsəbidirlər.

Bu barədə danışan Nazirlər Kabinetindəki məlumatlı mənbəmiz DİA.AZ-a bildirib ki, ən gərgin münasibətlər Prezident Administrasiyasının rəhbərliyinə qarşı köklənib: «Məlumdur ki, PA rəhbəri Ramiz Mehdiyev paralel olaraq bir neçə ciddi fiqurla çəkişmədədir. Onların arasında Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov da var, Müdafiə Naziri Səfər Əbiyev də. Eyni zamanda Ramiz Mehdiyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da münasibətləri qaydasında deyil. Doğrudur, onların hər ikisi orientasiya baxımından Rusiyayönlü hesab olunurlar, amma buna rəğmən iqtisadi maraqlar artıq siyasi maraqları üstələdiyindən Mehdiyevlə Heydərovun da arasında soyuq küləklər əsməkdədir».

Bu arada baş verən bir olay isə Ramiz Mehdiyevi əməlli-başlı çilədən çıxarıb. Bunu redaksiyamıza bildirən mənbə iddia edir ki, bu günlərdə nazirlərdən biri «Avroviziya» ilə əlaqədar təşkil olunmuş təcili toplantıda Ramiz Mehdiyevlə mübahisə edəsi olub. Həmin nazirin kimliyi barədə əlavə məlumat verməyən mənbəmiz onu da vurğuladı ki, PA rəhbərini qəzəbləndirən nazir hakimiyyətin ciddi çevrələrinin himayəsi altındadır:

«Mübahisə digər dövlət nümayəndələrinin də şahidliyi şəraitində baş verib. Kimsə Ramiz Mehdiyevi bu qədər qəzəbli görməyib. Vəziyyət o həddə çatıb ki, PA rəhbəri həmin nazirə «səbirli ol, «Avroviziya» bitsin» də deyib».

Hər halda, PA rəhbərinin həmin məmura yarışmanın bitməsini nədən gözləməli olduğunu izah etməsə də, hər şey anlaşılandır. Yəni bu o deməkdir ki, müsabiqənin ardından portfelini də götürüb, postundan gedə bilər…


Geri qayıt