Əsas Səhifə > Güney Press, Araşdırma > MÜXALİFƏTİN “AVROVİZİYA” PLANI VAR

MÜXALİFƏTİN “AVROVİZİYA” PLANI VAR


16-05-2012, 13:19
MÜXALİFƏTİN “AVROVİZİYA” PLANI VAR

YARIŞMA VAXTI DURUM GƏRGİNLƏŞƏCƏK

Azərbaycanda “Avroviziya - 2012” mahnı müsabiqəsinin keçirilməsinə iki həftədən az vaxt qalıb. Bakıda rəsmi hazırlıqlar başa çatır. Amma bu hadisəyə təkcə Azərbaycan hakimiyyəti hazırlaşmır. Vətəndaş cəmiyyəti fəalları da səylə işləyir.

Son üç ayda Azərbaycanda təşkil edilən “Demokratiya naminə oxu” kampaniyasının fəalları Avropa ölkələrinin ictimaiyyətini məcburi köçürmədən tutmuş jurnalistlərin həbsinə qədər Azərbaycanda insan haqlarının pozulması faktları barədə məlumatlandırmaq üçün Böyük Britaniya, Fransa, Belçika, Almaniya, Hollandiya, Avstriya və İsveçrədə olublar.

Bu informasiya kampaniyası iki azərbaycanlı ifaçı “Avroviziya - 2011”müsabiqəsində qələbə qazanaraq növbəti müsabiqənin Bakıda keçirilməsini təmin edəndən sonra başlayıb. Kampaniyanın özəyi dörd ictimai təşkilatdan (İnsan Haqları Klubu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Sülh və Demokratiya İnstitutu və Siyasi Azadlıqları Müdafiə Alyansı) ibarətdir. Ümumilikdə kampaniyaya 30-dək yerli QHT və 15 beynəlxalq hüquq müdafiəsi təşkilatı qoşulub.

"Kampaniya iri beynəlxalq tədbiri Azərbaycanda demokratiyanın inkişafı üçün alət kimi istifadə edərək yeni dinamika yaradıb", – deyə İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirir.

"Azərbaycan heç vaxt beynəlxalq KİV-in diqqətini bu qədər cəlb etməyib", – deyə o, əlavə edir.

İnformasiya kampaniyasına “Azad Avropa/Azadlıq” radiosu və EurasiaNet.org-da işləyən və jurnalist araşdırmaları üzrə ixtisaslaşan Xədicə İsmayılovanın məqalələr seriyası impuls verib. O, öz yazılarında prezident İlham Əliyevin ailəsinin müxtəlif işgüzar müəssisələrlə şübhəli əəlaqələrinə diqqət yönəldib.

Bu yazıların sonuncularından olan və 9 mayda “Azad Avropa/Azadlıq” radiosunda verilən yazıda qeyd edilir ki, mahnı müsabiqəsinə hazırlığa hamilik edən birinci ledi Mehriban Əliyeva və onu iki qızı Leyla və Arzu “Avroviziya - 2012” mahnı müsabiqəsinin keçiriləcəyi 25 min yerlik və 134 mln dollara başa gələn Kristal zalın tikintisində işləyən Azencotikinti şirkətinin sahibidirlər. Prezident Administrasiyası bu yazıya hələ reaksiya verməyib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru, “Demokratiya naminə oxu” kampaniyasının ilhamvericilərindən olan Emin Hüseynov hesab edir ki, bu yazı “məmurların “Avroviziya”dan təkcə ölkənin imici üçün yox, öz şəxsi maraqları üçün istifadə etdiklərinə daha bir dolayı sübutdur”.

Əliyev Administrasiyası Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı deyilənləri qulaqardına vurur, bəzənsə beynəlxalq tənqidçilərə kəskin cavab verir.

“Avroviziya” müsabiqəsinin əsas təşkilatçısı olan Avropa Yayım İttifaqı bildirir ki, bu tədbir "qeyri-siyasidir", amma "söz və informasiya azadlığı prinsiplərinə" sadiqliyini də vurğulayır.

Məlumat verildiyinə görə, mayın 2-də “Demokratiya naminə oxu” kampaniyasının iştirakçılarının çoxsaylı xahişləri nəticəsində Avropa Yayım İttifaqı Cenevrdədə Azərbaycanın vəzifəli şəxslərinin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə Azərbaycanda söz azadlığı problemini müzakirəsi üçün görüş keçirib. Emin Hüseynovun sözlərinə görə, görüşdə “qızğın debatlar” olub, amma fikir ayrılığı həllini tapmayıb.

Mayın 8-də Azərbaycan ərazisində hakimiyyətin iki tanınmış tənqidçisi Rəsul Cəfərov və Emin Hüseynov Bakı Dövlət Universitetinin hüquq fakültəsindən xaric ediliblər. "Universitet rəhbərliyi bizə bildirdi ki, xaric edilmişik və məşğələlərə gələ bilmərik, – deyə Emin Hüseynov bildirir, - Heç bir konkret izah verilmir, amma şübhə etmirəm ki, səbəb “Demokratiya naminə oxu” kampaniyasında iştirakımdır”

BDU təmsilçiləri bu məsələni EurasiaNet.org-da müzakirə etməyə razılıq verməyiblər. Cəfərov və Hüseynovun tələbə statusu haqqında şərh almaq üçün Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla da əlaqə saxlaya bilmədik. Buna qədər o, EurasiaNet.org-a müsahibəsində demişdi ki, "Avroviziya” müsabiqəsini siyasiləşdirmək cəhdləri" doğru deyil.

"Cenevrədə görüş zamanı onları inandırmağa çalışdım ki, Azərbaycanda söz və vətəndaş azadlığının vəziyyəti Avropa ölkələrindəkindən pis deyil, – deyə o, iclas iştirakçılarını nəzərdə tutaraq bildirib. – Jurnalistlərin qətli və onlara təzyiqlər hər bir ölkədə olur".

Həsənovun sözlərinə görə, Azərbaycana təzyiq etmək üçün Avropa Yayım İttifaqına "güclü təsir edilir".

Emin Hüseynov hesab edir ki, İttifaq Cenevrədəki debatı “quş qoymaq üçün” keçirib. "Avropa Yayım İttifaqının bütün bəyanatları deklarativ xarakter daşıyır və [Azərbaycan hakimiyyətinin] problemi həll etməsi üçün heç bir tələb qoyulmur", – deyə o vurğulayır.

İki düşərgə arasında gərginlik “Avroviziya” mahnı müsabiqəsinə start veriləndən sonra, yəqin ki, güclənəcək. Azərbaycan müxalifəti müsabiqə vaxtı üçün fəaliyyət planı hazırlayıb: "İctimai Palata" müsabiqə iştirakçıları üçün "alternativ informasiya mərkəzi" yaradacaq. Bundan başqa, hərəkatın fəalları "Siyasi məhbuslara azadlıq!" yazılan köynəklər geyəcək, mayın 26-da “Avroviziya”nın finalına hazırlıq zamanı Bakının mərkəzində gəzəcəklər.

Yüzlərlə başqa fəal “Avroviziya” biletləri ilə müsabiqə proqramı zamanı həmin şüarı səsləndirəcəklər, deyə AXCP-nin sədr müavini Həsən Kərimov bildirib.

Azərbaycanın hüquq mühafizə orqanları da fəaliyyət planı hazırlayıblar. Daxili işlər nazirinin müavini Oruc Zalov hökumətyönlü ANS telekanalına müsahibəsində deyib ki, mahnı müsabiqəsi günlərində Bakı polisi gücləndirilmiş rejimdə işləyəcək və “Avroviziya” müsabiqəsi keçirilən yerin ətrafında bir neçə qat dövrə təşkil ediləcək.

Eurasianet.org: Şahin Abbasov, müstəqil jurnalist


Geri qayıt