Əsas Səhifə > Hadisə > “BAKCELL” AZERCELL”Ə QALİB GƏLDİ

“BAKCELL” AZERCELL”Ə QALİB GƏLDİ


16-05-2012, 12:13
“BAKCELL” AZERCELL”Ə QALİB GƏLDİ

İLK MOBİL OPERATORUN ŞİKAYƏTİ TƏMİN OLUNUB

Ali Məhkəmə «Bakcell» şirkətinin kasasiya şikayətini təmin edib. Şirkətdən APA-ya verilən məlumata görə, bir müddət əvvəl məhkəmə instansiyasının «Azercell Telekom» şirkətinin şikayətini təmin etməsi ilə bağlı mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil.

«Bununla əlaqədar «Bakcell» şirkəti bildirir ki, tərəflərin verdiyi kasasiya şikayətləri üzrə müvafiq işə Ali Məhkəmədə baxılıb və həmin məhkəmənin 25 aprel 2012-ci il tarixli qərarına əsasən iddiaçı «Bakcell»in kasasiya şikayəti təmin olunub. Eyni zamanda, müvafiq məhkəmə iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 4 noyabr 2011-ci il tarixli qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib».

Qeyd edək ki, «Bakcell» şirkəti məhkəmə işi barəsində də məlumat yayıb. Məlumatda mobil operatorların şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə bir-birinə haqq ödədiyi və bunun «arabağlantı tarifi» adlandığı göstərilib: «2009-cu ilin aprel ayında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib. Bununla əlaqədar «Bakcell» MMC «Azercell Telekom» MMC-yə arabağlantı tarifinin azaldılması təklifi ilə müraciət edib, lakin qarşı tərəf mövcud tarifin (1 dəq./0,05 AZN) qaneedici olduğunu bildirib.

Arabağlantı tarifinin RİTN tərəfindən müəyyən edilmiş səviyyədən yüksək olması «Bakcell» şirkətinin öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil rabitə bazarına mənfi təsir göstərir.

«Nazirlik tərəfindən 2009-cu ilin aprel ayında qəbul edilmiş müvafiq normativ aktdan sonra «Bakcell» şirkəti arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy göstərib. Yeni arabağlantı tarifi istifadəçilər üçün pərakəndə tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin «Azercell» bu məsələ üzrə əməkdaşlıq etməyə razı olmayıb və RİTN tərəfindən qəbul olunmuş sənədin tələbini yerinə yetirməkdən boyun qaçırıb. Beləliklə, «Azercell Telekom» son vaxtlara qədər çox yüksək pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda - pərakəndə tarifin endirilməsi istiqamətində bazarda «Bakcell»in təşəbbüsü ilə artan təzyiqlər nəticəsində müştərilər üçün qiymətləri endirmək məcburiyyətində qalıb», - deyə məlumatda bildirilir.

«Azercell»in son 2 il ərzində RİTN-in müvafiq normativ aktını yerinə yetirməkdən imtina etməsi və bunun nəticəsində müştərilərə olduqca yüksək qiymətlərin tətbiq olunması ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərinin azaldılmasına nail olmaq üçün «Bakcell» lməhkəmə proseduralarına müraciət etməyə məcbur olub».


Geri qayıt