Əsas Səhifə > Cəmiyyət > ACLIQ EDƏN MƏHBUSLAR CƏZALANDIRILIB

ACLIQ EDƏN MƏHBUSLAR CƏZALANDIRILIB


15-05-2012, 13:34
ACLIQ EDƏN MƏHBUSLAR CƏZALANDIRILIB

ETİRAZÇILAR KARSERƏ SALINIB

Qobustan həbsxanasında 20-dən çox məhbus mayın 11-dən etibarən işlərinə yenidən baxılması və ömürlük həbs cəzasının ləğvi tələbi ilə aclıq aksiyası keçirirlər. Bu barədə Turana İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib. O, ömürlük məhbusların hüquqlarını müdafiə edən “Ümid et” kampaniyasından müraciət alıb.

Mənbənin məlumatına görə, aclıq aksiyası başladıqdan sonra məhbuslar karserə keçirilib.

Aksiya iştirakçılarının tələblərinin mahiyyəti ondan ibarədir ki, vaxtilə onlar ən ağır cəzaya -güllələnməyə məhkum ediliblər. Lakin 1998-ci ildə ölüm cəzası ləğv edilib və məhkəmə qərarı olmadan onların cəzaları avtomatik olaraq ömürlük həbslə əvəz olunub.

Məhbuslar hesab edirlər ki, ölüm cəzasının ləğvi ilə əlaqədar onlara həmin vaxt üçün ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası təyin edilməli idi.

“Qanunun geriyə təsirinin olmaması ilə bağlı milli və beynəlxalq hüquq prinsipinə uyğun olmayan bu problemin həll edilməməsi səbəbindən bu gün sağ qalan 78 nəfər (132 məhbusdan) cinayət törətdikləri zaman ölkə qanunvericiliyində olmayan cəzanı çəkirlər”, deyə “Ümid et” kampaniyasının müraciətində bildirilir.

Müraciət müəlliflər beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinə “15 il probleminin” ən qısa zamanda həlli üçün təsir göstərməyə çağırırlar.

Xüsusən, müraciətdə AR Milli Məclisinə AŞ Nazirlər Kabinetinin 17 fevral 1976-ci il tarixli alternativ cəza müddətinin azaldılması haqqında qətnaməsinin ratifikasiyası haqqında təklif çıxarmaq xahişi yer alıb.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.


Geri qayıt