Əsas Səhifə > Partiya > “O, PARTİYADA İMTİYAZ SAHİBİ İDİ”

“O, PARTİYADA İMTİYAZ SAHİBİ İDİ”


13-10-2011, 15:33
“O, PARTİYADA İMTİYAZ SAHİBİ İDİ”

ELXAN ŞÜKÜRLÜNÜN ARXASINCA DEYİLƏNLƏR

Ədalət Partiyasının Təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlünün partiya sıralarını tərk etməsi barədə bəyanatına münasibət bildirib.

M.Rəhimli deyib ki, Elxan Şükürlünün bu cür bəzi həqiqətləri gizlədən açıqlamasına çox təəssüf edir: “O özünün düşüncələrini və mülahizələrini gerçəklik kimi sırımamalı, qələmə verməməlidir. Gerçəklik tamamilə başqadır və Elxan bəy də bunu bilməmiş deyil. Belə ki, Rəsul Quliyevi vəsf edən məqalələri Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini olarkən yazıb. Onun iqtidarın güc strukturları, dövlət məmurları və s. vəzifəli şəxsləri barəsindəki çap olunmuş yazıları da Ədalət Partiyası daxilində kiminsə yaradıcılıq azadlığının boğulması anlamını yaratmır. Əksinə partiyada başqa fikrə kifayət qədər dözümlülük olduğunu, partiya rəhbərliyində təmsil olunan şəxslərin düşüncə və fikirlərinin nəinki daxili müzakirələrlə kəsilmədiyini, hətta onu kütləvi informasiya vasitələrinə çıxarmaq imkanlarının mövcudluğunu sübut edir.

Bundan başqa siyasi partiya özfəaliyyət dərnəyi deyil ki, kim nə istəyir onu da etsin. Siyasi fəaliyyətlə məşğul olan şəxs öz marağını ümumi maraqlar hesabına təmin etməyə çalışmamalıdır. Hər bir partiya üzvü Nizamnamə və Məramnaməyə riayət etməli, ümumi, ictimai, siyasi, qrup mənafelərinə görə öz maraqlarından imtina etməyi bacarmalıdır. Məncə, siyasi partiyanın bir anlamı da budur.

Elxan bəyin 2008-ci ildən Ədalət Partiyası sıralarından uzaqlaşmaq istəyinin olması və bunu mənəvi meyarlara görə etməməsi barədə fikirləri də həqiqəti əks etdirmir. Əgər belə idisə onda nəyə görə parlament seçkilərində iştirak edirdi, partiya adından beş illik müddətinə MSK-da təmsil olunmaq istəyirdi ki, bu da 2015-ci ilə qədər çəkəcəkdi. Bundan əlavə o partiyada heç kimə nəsib olmayan imtiyazlar sahibi idi və heç vaxt onlardan üz döndərməyib.

İndiyədək müxtəlif partiyaların sıralarını onun rəhbərliyində təmsil olunan çoxsaylı üzvləri tərk ediblər. Ancaq heç biri uzun müddət bir yerdə olduqları insanlara bu qədər haqsız ləkə atmağa cəhd etməyiblər. Ədalət Partiyası elə bir insanlardan ibarətdir ki, onlarla bir yerdə olmaq «həyat təcrübəsi»nə yiyələnmək deyil, şərəf sahibi olmaq deməkdir.

Mən bilirəm ki, bu açıqlamaya görə «Ədalət»in sədri İlyas İsmayılov tərəfindən tənbeh olunacağam. Çünki İlyas İsmayılovun hansı mənəvi dəyərlərə sahibi olduğunu anlayıram. Lakin Ədalət Partiyasına qarşı hətta sıradan birinin iftira atmaq cəhdlərini qəbul edə bilmərəm”.


Geri qayıt