Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RÖVNƏQ ABDULLAYEV LİVİYAYA PUL QOYACAQ

RÖVNƏQ ABDULLAYEV LİVİYAYA PUL QOYACAQ


14-05-2012, 14:49
RÖVNƏQ ABDULLAYEV LİVİYAYA PUL QOYACAQ

SOCAR LİVİYA BAZARI İLƏ MARAQLANIR

Azərbaycan Dövlət Neft Şirkəti Liviyaya bu ölkədə SOCAR-ın brendi altında yanacaqdoldurma stansiyası (YDM) şəbəkəsinin açılmasını və neft emalı zavodunun inşasına investisiya qoyuluşunun həyata keçirilməsini təklif edir.

Bu məsələlər Tripolidə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovla bu ölkənin neft və qaz naziri Əbdürrəhman bin Yəzzənin görüşündə müzakirə edilib.

Azərbaycan XİN-in məlumatına görə, Azərbaycan tərəfindən Liviyada SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsi, istər müştərək, istərsə də Azərbaycan tərəfinin investisiyaları hesabına Liviyada neftayırma zavodunun inşa edilməsi təklif edilib.

Həmçinin A.Şükürov iyunun 5-8-də Bakıda keçiriləcək 19-cu Beynəlxalq Neft-Qaz Sərgi və Konfransına Liviyanın neft və qaz nazirinin dəvət olunduğunu bildirib.

Liviyalı nazir dəvətə görə təşəkkürünü bildirib və Liviya ilə Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çəkərək iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, hazırda SOCAR-ın Gürcüstanda (90-dan çox), Ukraynada (26) və Rumıniyada (14) yanacaqdoldurma stansiyası var.

Xatırladaq ki, 2012-ci ilin aprel ayının yekunlarına görə, Liviyada sutkalıq 1,3 mln. barel neft hasil olunub ki, bunun da təxminən 1 mln. bareli ixrac edilib.


Geri qayıt