Əsas Səhifə > Sosial, Manşet > KLANLAR ARASINDA SAVAŞ BAŞLAYIR

KLANLAR ARASINDA SAVAŞ BAŞLAYIR


14-05-2012, 13:23
KLANLAR ARASINDA SAVAŞ BAŞLAYIR

HAKİMİYYƏT İÇİNDƏ REGİONAL FAKTOR YENİDƏN QABARMAQ ÜZƏRƏDİR

DİA.AZ: - İlham Əliyev hakimiyyətə gəldikdən sonra onun gətirdiyi yeniliklər içində daha çox qabaranı idarəetmədə regional faktorun arxa plana keçməsi hadisəsi oldu. Halbuki dünənə qədər hakim elita demək olar ki, Qərbi Azərbaycanlılar və Naxçıvan qruplaşması arasında tən yarıya bölünmüş vəziyyətdə idi. Lakin İlham Əliyev bu şəkildə idarəçilikdən imtina etdi ki, bu da iqtidar düşərgəsindəki ab-havanı 180 dərəcə dəyişmiş oldu.

Əslində bu aspektdən yanaşdıqda, təhsil naziri Misir Mərdanovun 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı keçmiş səhiyyə naziri Əli İnsanova qarşı çıxması da anlaşılandır. Bir yandan Misir Mərdanov batan gəmiyə minməmək təhlükəsindən yan qaçmış olurdu, digər yandan da tətbiq olunan yeni mexanizmin şərtlərinə ayaq uydururdu. Yeni sistem isə regional faktoru gündəmdən yığışdırmaqda idi.

Doğrudur, regionçuluq günü bu gün də siyasi mühitdə bir problem şəklində mövcudluğunu qoruyub saxlamaqdadır. Amma əvvəlki dönəmlə müqayisədə elə bir ciddi mahiyyət daşımadığı üzə çıxmış olur. Nazirlər Kabinetindəki məlumatlı dairələrdən DİA.AZ-a ötürülən informasiyalardan isə aydın olur ki, regionçuluğun yenidən dönmə təhlükəsi var və özü də təhlükəli formada.

Bu barədə mənbənin redaksiyamıza söylədikləri: «Son zamanlar ayrı-ayrı fiqurlar region amili əsasında birləşməyə cəhd edirlər. Onlar kimlərdir? Ya az əvvəl hakim düşərgədən çıxdaş olanlar, ya da adları yeni olaraq «vurulacaqlar» siyahısına daxil edilənlər. Onların müdafiə olunmaqdan başqa yolları yoxdur».

Mənbəmiz bildirir ki, konkret olaraq son illərdə çox cidi zərbələr almış Qərbi Azərbaycan qruplaşmasının bu isiqamətdə fəallıq nümayiş etdirdiyi diqqətə gəlir: «Qərbi Azərbaycan mənsubu olan məmur korpusu son dönəmdə ən çox «itkini» verən qruplaşma oldu. Doğrudur, Naxçıvan klanı da zərbələr aldı. Amma Naxçıvanın ayrıca bir muxtar subyekt kimi qalması, bu bölgədən paytaxta kadr transferi üçün bir qorunan vasitə rolunu oynadığından, verilən itkilərin yeri başqalarının hesabına doldurulmaqdadır. Lakin Qərbi Azərbaycan bölgəsindən olan məmurların sıralarında çox ciddi seyrəlmələr var».

Məlumatlı mənbə idda edir ki, hazırda bir neçə sözügedən bölgə mənsubu var ki, samballı mövqedədayanır: «Onların da «vurulma» ehtimalları yüksəkdir. Və elə buna görə də çıxdaş olunmuşların son təşəbbüsləri onlar üçün də kifayət qədər cədbedici görünə bilər».

Onu da bildirək ki, bir müddət əvvəl Qərbi Azərbaycan bölgəsindən olanların hazırda məhbəs həyatı yaşayan keçmiş nazir Əli İnsanovun sifarişi ilə toplaşdığı haqda məlumatlar yayılmışdı. İndi isə sistemin, toplanma mexanizminin dəyişdiyini bildirən qaynaq iddia edir ki, Əli İnsanovun adının bu işdə hallandırılması hazırda vəzifə başında olanları ehtiyatlandırdığından, artıq toparlanma hərəkatında keçmiş nazirin adı hallandırılmır: «Bu da bir taktikadır».

Əslində bu hərəkətlənmənin Qərbi Azərbaycan bölgəsi mənsublarının «müqavimət hərəkatı» da adlandırma olar. Elə mənbəmiz də bu fikirdədir: «Onları heç də kənara atmaq doğru deyil. Kifayət qədər kompakt olan bu bölgə mənsublarının yetərincə siyasiləşməsi istənilən bir iqtdar üçün hər zaman təhlükə hesab oluna bilər. Odur ki, yeni hərəkətlənmə çox suları bulandıracaq».


Geri qayıt