Əsas Səhifə > Gündəm, Manşet > QAÇQIN AİLƏLƏRƏ DÜŞMƏN MÜNASİBƏT

QAÇQIN AİLƏLƏRƏ DÜŞMƏN MÜNASİBƏT


14-05-2012, 12:13
QAÇQIN AİLƏLƏRƏ DÜŞMƏN MÜNASİBƏT

YURDLARINDAN QAÇQIN DÜŞƏNLƏR VƏRƏM DİSPANSERİNƏ GÖNDƏRİLİR

DİA.AZ: - Redaksiyamıza Sumqayıt şəhəri, 40-cı məhəllə, 1 saylı xəstəxanada məskunlaşan 16 ailə adından müraciət daxil olub. Müraciəti göndərən Süleymanova Sevinc Sumbat qızı sözügedən xəstəxanada 19 ildir ki, məskunlaşan qaçqın ailəsinə göstərilən düşmən münasibətdən şikayətlənir.

DİA.AZ-a ünvanlanan şikayət məktubunda deyilir: «Hörmətli redaksiya, biz 16 ailə (41 nəfər) 1993-cü ildə Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma torpaqlarımızdan məcburi köçkün düşdükdən sonra Sumqayıtda 1 saylı xəstəxananın ərazisində məskunlaşmaq zorunda qaldıq. Və illərdir ki, yaşadığımız şəraitin dözülməz olmasına baxmayaraq, torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləməkdəyik».

Şikayətçi bildirir ki, yaşadıqları xəstəxana bu ilin aprel ayının əvvəllərindən dövlət proqramı çərçviəsində əsaslı təmirə dayandırılıb: «Bizə də məlumat vermişdilər ki, əşyalarımızı hazırlayaq, bizi köçürürlər. İndi aradan bir aylıq müddətin keçməsinə baxmayaraq, bizi heç bir yaşayış yeri ilə təmin etmədən, 16 ailənin sığındığı binada təmir işləri həyata keçirilir. Binanın yuxarı mərtəbələrindən sökülüb atılan pəncərə, şüşə, daş beton qırıqları və işlədilən avadanlıqlar həm bizim, həm də xüsusən övladlarımızın həyatına birbaşa təhlükədir. Artıq bu binada yaşamaq dözülməz həddə çatıb».

Müraciətdə bildirilir ki, 16 ailə yeni yaşayış yeri ilə təmin olunmaları üçün Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etsələr də, onların dərdinə çarə qılan olmayıb: «Bizə icra hakimiyyətindən bildirdilər ki, bizi yerli səhiyyə şöbəsi yeni yaşayış yeri ilə təmin etməlidir. Ora da müraciət etdik, onlar da bildirdi ki, narahat olmayaq. Bizi Vərəm Dispanserininin bir şöbəsini dezinfeksia edib, ora yerləşdirəcəklər».

Elə bu da 19 ildir məcburi köçkün həyatı yaşayan 16 ailənin narahatçılığına səbəb olub. Onlar bildirirlər ki, onsuz da bu 19 illik xəstəxana həyatı nəticəsində sağlamlıqları pozulub: «İndi isə bizi Vərəm Dispanserinə yerləşdirirlər. Özümüz bir yana, uşaqlarımızın aqibəti nə olacaq?»


Geri qayıt