Əsas Səhifə > Gündəm, Manşet > GÜLÜNC «AVROVİZİYA» TƏBLİĞATI

GÜLÜNC «AVROVİZİYA» TƏBLİĞATI


14-05-2012, 11:37
GÜLÜNC «AVROVİZİYA» TƏBLİĞATI

RƏSMİ DÖVLƏT TELEKANALI: «DƏRDLƏRİNİZİ UNUDUN, GÜLÜMSƏYİN!»

DİA.AZ: - Çox qəribə işləri var imiş bu dünyanın… Əslində dünyanın yox, Azərbaycanın və daha dəqiqi, Azərbaycan hakimiyyətinin…

Məlumdur ki, ölkəmiz tam olaraq «Avroviziya-2012» mahnı yarışmasının üzərində köklənib. Bütün dövlətimiz bu yarışma üçün səfərbər olunub. Sanki bundan başqa işimiz-gücümüz yox imiş. Və ən acınacaqlısı da odur ki, Azərbaycanda bu gün «Avroviziya» ilə bağlı cərəyan edənlərə bütün dünya gülməkdədir.

Gülmək demişkən, elə son günlər hakimiyyətin təbliğat maşını da insanlarımıza gülüş arzulayır. Məsələn, bu gün dövlət telekanalının səhər proqrammında «Avroviziya» yarışması ilə əlaqədar ölkəmizə turist axınını bir səbəb olaraq göstərilməklə, dərd içində boğulan Azərbaycan vətəndaşlarına gülümsəməyi əmr edən bir reportaj yayımlandı.

DİA.AZ bildirir ki, reportajı izləyənlər də insanların ələ salındığını tam olaraq təsdiqləyər. Reportajı səsləndirən məlahəli qadın səsi ilk əvvəl «Avroviziya» yarışmasının Azərbaycan üçün əhəmiyyətindən danışır, sonra da insanlara xitabən bildirir ki, biz ev sahibiyik və ölkəmizə gələn qonaqları gülüşlə qarşılamalıyıq. Özü də saxta gülüşlə yox, tam səmimi və içdən gələn.

Təsəvvür edin, reportajı səsləndirən xanım vətəndaşlara əmr edir ki, dərdinizi-sərinizi unudun və içdən gülün. Çünki biz ev sahibiyik. Və hər bir ev sahibi evinə qonaq gələndə problemlərimini aşkara çıxarmır, qonağının xətrinə gülür.

Diqqət yetirdinizmi? Yəni dövlət telekanalında rəsmən etiraf olunur ki, insanlarımız boğaza qədər problem içindədirlər və amma buna rəğmən yenə də gələn qonaqlara özümüzü şən göstərməliyik.

Bu da bu…

Geri qayıt