Əsas Səhifə > Cəmiyyət > ZAQATALADA ZƏLZƏLƏ YEYİNTİSİ BAŞLADI

ZAQATALADA ZƏLZƏLƏ YEYİNTİSİ BAŞLADI


11-05-2012, 15:02
ZAQATALADA ZƏLZƏLƏ YEYİNTİSİ BAŞLADI

MƏMURLAR ZƏDƏLİ EVLƏRİ QEYDİYYATA ALMAQDAN İMTİNA EDİR

Zaqatalada zəlzələnin ardınca prezident İlham Əliyevin sərəncamı ilə rayonda yaşanan dağıntıları və zəlzələdən zərər çəkənlərə dəyən xərcləri ödəmək üçün 20 milyon manat pul ayrıldı.
İlkin rəsmi açıqlamalara görə 800-dən çox evin dağıldığı Zaqatalaya bu qədər yüksək məbləğdə pulun ayrılması ilk baxışdan onu düşünməyə əsas verirdi ki, sakinlərə dəyən ziyan artıqlaması ilə kompensasiya ediləcək. Lakin, sən saydığını say, gör, Zaqataladakı yerli məmurlar nə sayır?!
Gunxeber.com-a rayon sakinlərinin verdiyi məlumata görə, artıq Zaqatalada yerli məmurlar, konkret FHN-in bu bölgə üzrə rəsmiləri rayona ayrılan 20 milyon manatın başına fırlanmağa başlayıblar. Məlumata görə, rayonda zəlzələdən zərər görən evləri qeydiyyata alan məmurlar zədəli və yaşamaq mümkün olmayan evləri siyahıya salmaqdan imtina edirlər. Sakinlərin verdiyi məlumata görə, rayonda elə var ki, zəlzələdən uçmayıb, ancaq elə formada zədələnib ki, içində yaşamaq insan həyatı üçün təhlükəlidir və hər an uça bilər. Sakinlər bildirir ki, Zaqatala icra hakimiyyətinin fövqəladə hallar komissiyasının əməkdaşları onların zədəli evlərini qeydiyyata almaqdan imtina edirlər. Bu isə o deməkdir ki, həmin evlərin sakinlərinə heç bir kompensasiya verilməyəcək. Məlumata görə, belə hallar xüsusən, rayonun Tala kəndində və Zaqatala şəhərinin mərkəzi hissələrinə daha çoxdur.
Rayon sakinlərinin sözlərinə görə, bu, icra başçısı Mübariz Əhmədzadənin tapşırığı ilə həyata keçirilir.
Qeyd edək ki, zədəli evlərin qeydiyyata alınmaması rayon sakinləri arasında ciddi etiraza səbəb olub. Hazırda rayonda zəlzələdən sonra gərgin olan vəziyyət bir az da gərginləşməkdədr. Sakinlərin narazılığı özünün pik həddinə çata bilər.


Geri qayıt