Əsas Səhifə > Ölkə > SABİRABAD POLİSİNDƏN ÖZBAŞINALIQ
SABİRABAD POLİSİNDƏN ÖZBAŞINALIQ11-05-2012, 12:09 |
OQTAY GÜLALIYEVİN AVTOMOBİLİ GIROV SAXLANILIR Sabirabad rayon polis şöbəsinin əməkdaşları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin şəxsi avtomobilini girov saxlayır. Həbs edilən hüquq müdafiəçisinin vəkili Yalçın İmanov bildirib ki, rayon şöbəsinin müstəntiqi Qurbanəli Quliyevin təşəbbüsü ilə O.Güləliyevə məxsus köhnə “Opel” markalı avtomobil aprelin 8-dən qanunsuz olaraq şöbənin cərimə meydançasında saxlanılır. Müstəntiq əvvəlcə maşını onun qardaşı Elçin Gülalıyevə verəcəyini vəd edib. Amma Sabirabada dəfələrlə səfərlər nəticəsiz qalıb. Vəkilin sözlərinə görə, avtomobildə “Kür” Vətəndaş Cəmiyyəti qərargahının sənədləri, hüquq müdafiəçisinin şəxsi əşyaları var və onların qaldırılan cinayət işi ilə əlaqəsi yoxdur. Müstəntiq Q.Quliyev Turan-ın suallarına cavablandırarkən bildirib ki, prosedura əməl edir və gələn həftənin sonunda avtomobil hüquq müdafiəçisinin qohumlarına veriləcək. Amma o, ittiham edilən O.Gülalıyevin istintaqa aidiyyatı olmayan mülkiyyətinin bir aydan çox polisdə niyə girov saxlandığı barədə suala cavab verməyib. O.Gülalıyev hakimiyyət orqanlarına tabe olmamaq və kütləvi iğtişaşları qızışdırmaqda ittiham edilir (CM, 220.2 maddə). İnsan Haqları üzrə Beynəlxalq Federasitya və İşgəncələrə qarşı Ümumdünya Təşkilatı Oqtay Gülalıyevin dərhal azad edilməsini tələb edib. O.Gülalıyev 2010-cu ilin yayından etibarən daşqının nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal şəkildə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur. Qərargah yerli icra hakimiyyəti orqanları tərəfindən çoxsaylı fırıldaqçılıq, korrupsiya və vətəndaşların aldadılması faktlarının üstünü açıb. O,Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə insan yarımçıq qalan kompensasiyalarını, mənzillərini və dövlətdən başqa yardımları alıblar. Son olaraq Azərbaycan prezidenti Aran zonasında 8 rayonu əhatə edən daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln manat ayrılması haqqında fərman imzalayıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Oqtay Gülalıyevin saxlanmasının siyasi motivli olduğunu hesab edir və vətəndaş cəmiyyətinin daşqının nəticələrinin aradan qaldırılmasında iştirakına və bununla da zərərçəkmişlərə vəsaitin paylanmasında şəffaflığa yol verməməyə çalışan hakimiyyətin bu əməllərini pisləyir. Qərargah hakimiyyəti Oqtay Gülalıyevi azad etməyə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq qərargahın fəaliyyəti üçün zəruri şəraiti təmin etməyə çağırır. 2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min ha-dan çox torpaq sahəsi və 20 min ev su altında qalıb. 2012-ci ilin mart ayına qədər dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 350 mln manat ayrılıb, lakin bu vəsaitin böyük hissəsi mənimsənilib. Prezidentin bu il martın 29-da əlavə olaraq 50 mln manat ayrılması haqqında imzaladığı sonuncu sərəncamdan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı yardımın paylanmasında iştirakını təmin etmək çağırışı ilə dövlət başçısına müraciət edib, lakin Oqtay Gülalıyevin həbsi nəzərə alınmasa hələlik müraciətinə cavab almayıb. Geri qayıt |