Əsas Səhifə > Ölkə, Manşet > FHN ŞEFİ QOSQOCA NAZİRİ DANLAYIB

FHN ŞEFİ QOSQOCA NAZİRİ DANLAYIB


10-05-2012, 16:55
FHN ŞEFİ QOSQOCA NAZİRİ DANLAYIB

KƏMALƏDDİN HEYDƏROV ŞAHİN MUSTAFAYEVƏ NİYƏ QƏZƏBLƏNİB?

DİA.AZ: - 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra nazir postuna təyin edilən Heydər Babayev bu postda çox otura bilməsə də, indiki nazirin ömrü uzun ola bilər. Şahin Mustafayevin əslində kimin kadrı olması barədə məlumatlar ilk günlərdən dövrü mətbuatı məşğul etməyə başladı. Bir zamanlar kiçik bir şirkətin sahibi kimi tanınan Şahin Mustafayev də vergi sistemindən keçid almaqla yanaşı, hazırda iqtidar düşərgəsinin əsas idarəçilərindən olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun çətiri altında olduğunu qısa müddətdə hiss etdirdi.

Belə ki, onun İİN şefi postuna gəlişindən sonra qosqoca nazirlik Kəmaləddin Heydərovun biznesinin keşikçisinə çevrildi. Meyvə şirələri bazarına FHN şefinin əl qoymasının ardından iqtisadi inkişaf nazirliyinin antiinhisar xidməti departamentinin əməkdaşları Bakıdakı xırda limonad sexlərini hədəfə aldılar. Kəmaləddin Heydərov inşaat materialları biznesinə maraq göstərəndə isə İİN-nin «antiinhisar qrupu» Kəmaləddin Heydərovun inhisarçı siyasətinə dəstək olaraq, yenə də xırda sahibkarlara divan tutmağa başladılar. Bir sözlə, FHN şefi bu gün İİN-dən tam olaraq öz biznes maraqlarının müdafiəçisi kimi istifadə etməkdədir ki, əslində Şahin Mustafayevin Kəmaləddin Heydərova sədaqətlə xidmət etməkdən başqa bir yolu da yoxdur.

Bu günlərdə baş verən bir olay isə hazırki iqtisadi inkişaf nazirinin hansı səviyyədə asılı olmasının bariz nümunəsi kimi də qəbul oluna bilər. Nazirlər Kabinetindəki mötəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, keçən həftə əsasən iqtidar adamlarının qatıldığı ziyafət məclisində Kəmaləddin Heydərov hamının gözü qarşısında Şahin Mustafayevi danlayıb: «Onu ən ağır ifadələrlə danladıqdan sonra, çevrədəkilər səbəbini soruşublar. FHN şefi də qayıdıb deyib ki, elə səbəbsiz yerə danladım. Axır vaxtlar xoşuma gəlmir».

Məlumatı verən mənbə iddia edir ki, Kəmaləddin Heydərovun danlaqlı ifadələri qarşısında Şahin Mustafayev yalnız susmaqla kifayətlənib: «Onun başqa şansı da yoxdur. Çünki oturduğu posta görə, yalnız və yalnız Kəmaləddin Heydərova minnətdardır».


Geri qayıt