Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AŞ-IN BAŞ KATİBİ HAKİMİYYƏTİ MÜDAFİƏ ETDİ

AŞ-IN BAŞ KATİBİ HAKİMİYYƏTİ MÜDAFİƏ ETDİ


10-05-2012, 13:45
AŞ-IN BAŞ KATİBİ HAKİMİYYƏTİ MÜDAFİƏ ETDİ

O, “EUROVISION”UN BOYKOT EDİLMƏSİNİN ƏLEYHİNƏDİR

Azərbaycanda insan hüquqlarına riayət edilməsilə bağlı şübhələrin olmasına baxmayaraq, Avropa Şurası hesab edir ki, qarşıdakı “Eurovision” mahnı müsabiqəsini boykot etmək lazım deyil. “Hakimiyyətlə dialoq faydalı və effektivdir”, - çərşənbə günü AŞ-nin baş katibi Turbyörn Yanqland DPA agentliyinə bildirib.

Onun sözlərinə görə, mətbuat və fikrin ifadə olunması azadlığının təminatı sahəsində vəziyyət, həmçinin siyasi məhbusların taleyi ciddi narahatlıq doğurur.

O xatırladıb ki, 2011-ci ilin sonlarında Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Bakıda avtoritar hakimiyyətin hərəkətlərindən 1700 şikayət daxil olub. Onların arasında tənqidi fikirləri olan jurnalistlərin, müxalifətçi siyasətçilərin həbsi ilə əlaqədar iddialar var.

Eyni zamanda Yanqland qeyd edib ki, Azərbaycan insan hüquqlarının pozulduğu yeganə AŞ ölkəsi deyil. Məsələn, AİHM-ə Bolqarıstandan 4 minə yaxın, Moldovadan 4200, Rumıniyadan 12 min şikayət daxil olub. Lakin lider Rusiyadır - 40 000-dən çox şikayət.

“Eurovision-2012” mahnı müsabiqəsi mayın 22-26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan çox ölkənin nümayəndələri iştirak edəcəklər.

Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları hakimiyyət siyasi məhbusları azad etməsə, müsabiqəni boykot etməyə çağırıblar. Almaniya hökumətinin bəzi rəsmi şəxsləri bu tələbləri dəstəkləyiblər.


Geri qayıt