Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İKİ NAZİRİNİ DƏYİŞİR

HAKİMİYYƏT İKİ NAZİRİNİ DƏYİŞİR


10-05-2012, 12:53
HAKİMİYYƏT İKİ NAZİRİNİ DƏYİŞİR

NAZİRLƏR KABİNETİNİN YENİDƏN FORMALAŞDIRILMASI XƏBƏRİ DƏ VAR

DİA.AZ: - «Hakimiyyət iyun-iyul aylarında Nazirlər Kabinetində və kabinetin strukturlarında çox ciddi islahatlar həyata keçirməyə hazırlaşır». Bildirək ki, bu ilginc məlumatı DİA.AZ redaksiyasına hökumət içindəki etibarlı mənbələr ötürüb. Qaynaq iddia edir ki, islahatlarla bağlı plan əslində çoxdan var, sadəcə olaraq, bu məsələdə bir qədər yubanmalar baş verib ki, bu da hakimiyyət daxilindəki çəkişmələrlə əlaqədardır.

Qeyd edək ki, hələ də iqtidar düşərgəsində bir neçə ciddi qüvvə var ki, bir-birilə rəqabət aparır və hər yeni təyinatda, hər yenilikdə bu qruplaşmalar öz maraqlarını, öz iradələrini hiss etdirməyə çalışırlar. Onların arasında ən güclüsü hesab olunanı başında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dayandığı qruplaşmadır. Bu qruplaşmada kifayət qədər güclü, samballı iqtidar adamları təmsil olunurlar ki, onlar ağırlılıq və təsir rıçaqları baxımından daha böyük imkanlara malikdirlər.

Daha bir qruplaşma isə etnik zəminlər əsasında formalaşan kürd qruplaşmasıdır ki, bu güc mərkəzi də Bəylər Əyyubovun ixtiyarındadır. Doğrudur, Bəylər Əyyubovun qruplaşmasında yetərincə türk kökənlilər də təmsil olunur və bu şərt də sözügedən qruplaşmanın etnik mahiyyətini azaltmış kimi görünə bilər. Amma məsələ ondadır ki, həmin türk kökənlilər də özlərinin milli kimliklərindən imtina etmiş vəziyyətdədirlər.

Bu iki qruplaşma ilə yanaşı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və nəqliyyat naziri Ziya Məmmədovun da öz qruplaşması var ki, onlar da hər zaman öz varlıqlarını hiss etdirəcək səviyyədə imkan sahibləridirlər. Belə bir şəraitdə hakimiyyətin nümayiş etdirdiyi ümumi siyasətdə kimin iradəsinin daha çox əks olunması ilə həm də iqtidardaxili qruplaşmaların güc balansını da müəyyən etmək olar.

Mötəbər mənbəmizin iddialarına görə, Nazirlər Kabinetində nəzərdə tutulan dəyişikliklər də məhz bu qruplaşmaların toqquşmaları, yenidən üz-üzə gəlmələri üçün bir bəhanə rolunu oynayıb: «Amma təbii ki, əsas söz prezidentdədir və prezident NK-da nəzərdə tutulan islahatlarla əslində həm də hakimiyyət daxilindəki qrup marağı oyununa da çox ciddi zərbə vurmağa hazırlaşır».

Məlumatlarda deyilir ki, birbaşa olaraq dəyişiklik prosesini öz nəzarəti altında keçirməyə hazırlaşan prezident NK-dakı qrup marağına xidmət edən fiqurların hamısını çıxdaş edəcək: «Əslində buna vahid iqtidar komandası yolunda atılacaq böyük addım da demək olar. Hətta gözlənilir ki, bütünlükdə olaraq Nazirlər Kabineti vaxtından əvvəl buraxılsın».

Hələlik bu barədə yekun qərarın olmadığını bildirən mənbəmiz vurğuladı ki, yalnız dəqiq olanı iki nazirin gedişi ilə bağlı qərarın verilməsidir: «Həmin nazirlərin kimlikləri də məlumdur. Yaxın aylarda bu dəyişikliyə hə kəs şahidlik edəcək».


Geri qayıt