Əsas Səhifə > Sosial, Manşet > BAYIL SAKİNLƏRİNDƏN İSMARIC VAR

BAYIL SAKİNLƏRİNDƏN İSMARIC VAR


10-05-2012, 12:31
BAYIL SAKİNLƏRİNDƏN İSMARIC VAR

«HƏR YERİ BƏZƏYİRSİNİZ, BƏS CAMAATIN KASIB GÖRKƏMİ NƏ OLACAQ?»

DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyət var gücü ilə «Avroviziya» yarışmasına tədarük görməkdədir. Az qala ölkənin bütün resursları, bütün dövlət aparatı bu beynəlxalq mahnı müsabiqəsinə səfərbər olunublar. Hətta bu müdhiş səfərbərliyə heyran qalan əcnəbilər, elə həm də yarışmanın təşkilatçılarının özləri belə rəsmi Bakının «Avroviziya» marağını heç cürə anlaya bilmədiyini reaksiyalarından da nümayiş etdirirlər.

Bəli, hər zaman Azərbaycan kimi ölkələrdə millətin şoular üzərində köklənməsin rast gəlinən hadisədir. Amma baş verənləri müşahidə etdikdə istər-istəməz «daha bu qədər də olmaz» deməyə bilmirsən. Hə, bu qədər də olmaz axı… İnsanların bir qarın çörəyə möhtəc olduğu bir şəraitdə uzun illərdən bəri az qala bütün ölkənin gözünü dikdiyi neftdən gələn milyonların daşa-divara xərclənməsi artıq bir anomaliya kimi qiymətləndirilə bilər. Bunun ən yaxşı halda adı isə MİLLƏTİN QƏSDİNƏ DURMAQDIR…

Elə DİA.AZ redaksiyasına müraciət edən bir qrup Bayıl sakininin etdikləri şikayətlərindəki ironiya da belə deməyə əsas yaradır ki, vətəndaşlar hökumətin nə etdiyinin tam fərqindədirlər. Şikayətçilər deyir: «Elə zənn etməsinlər ki, biz nələrin baş verdiyini bilmirik. Yaxşı bilirik və yaxşı başa düşürük. Hər halda millətin bu qədər aşağılanması da doğru deyil. Evimizdə bir qarın çörəyə möhtacıq, amma gözümüzün qabağında milyonları boş-boşuna sərf edirlər».

Sakinlər yumor hisslərini də itirməyiblər: «Bütün Bayılı bəzəyirlər, «Avroviiya» keçiriləcək saraya da milyonları xərcləyiblər. Bəs Bayıl sakinləri necə olacaq? Axı biz sarayla qonşuluqda yaşayırıq. Əyin-başımız da yoxdur. Elədirsə, bizə də yaxşı pal-paltar alıb-versinlər ki, gələn əcnəbilərin qarşısına dilənçi kökündə çıxmayaq».

Hər halda, qəsəbə sakinlərinin bu müraciəti bizləri güldürsə də, əslində Azərbaycanda yaşanılan bir insanlıq faciəsinin təzahürü kimi dəyərləndirilməlidir.

Geri qayıt