Əsas Səhifə > Cəmiyyət > ZƏLZƏLƏNİN ŞOK STATİSTİKASI

ZƏLZƏLƏNİN ŞOK STATİSTİKASI


8-05-2012, 13:34
ZƏLZƏLƏNİN ŞOK STATİSTİKASI

“ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ZAQATALADA 800 EV DAĞILIB”

“Dünən axşam saat 19.15-də baş vermiş sonuncu güclü yeraltı təkandan sonra Zaqatala rayonunda 800-ə yaxın evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilib”. Bunu APA-ya açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov deyib.

Onun sözlərinə görə, qəzalı evlər əsasən rayonunun Mamrıx, Gözbarax, Muxax, Zəyəm, Bazar, Qımır kəndlərində qeydə alınıb.

E. Ramazanovun dediyinə görə, dünəndən bölgədə olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün də yerli əhali ilə görüşüb, qəzalı tikililərin bəzisinə baxış keçirib. Nazir zəlzələ nəticəsində ciddi zərər çəkmiş evlərin yenidən tikiləcəyini, təmirə ehtiyacı olanlarda isə bərpa-bərkitmə işləri aparılacağını bildirib.

Dünəndən etibarən rayonda FHN-in Operativ Qərargahının fəaliyyət göstərdiyini deyən E. Ramazanov evləri qəzalı vəziyyətdə olan sakinlərin müvəqqəti çadırlarda yerləşdirildiyini bildirib: “Sabahdan rayona tikinti materialları gətirilərək, artıq qəzalı binaların təmir-tikintisinə başlanılacaq”.

İcra başçısının müavini bildirib ki, rayonun 5-6 kəndinə elektrik enerjisinin verilişində fasilə yaranıb: “Orada xətlərdə xüsusi problem yoxdur. Sadəcə, zəlzələnin episentrinə yaxın kəndlərə elektrik enerjisinin verilişi təhlükəsizlik məqsədilə dayandırılıb”. E. Ramazanovun sözlərinə görə, eyni məqsədlə Zaqatala rayonuna qaz verilişi də müvəqqəti dayandırılıb.

E. Ramazanov qeyd edib ki, rayonun digər ərazilərinə elektrik enerjisinin verilişində, su və rabitə-kommunikasiya təminatında problem yoxdur.

Komissiya sədri zəlzələ nəticəsində ölənlərin və ağır bədən xəsarəti alanların olmadığını, hadisədən sonra ümumilikdə 36 nəfərin Zaqatala Mərkəzi Rayon Xəstəxanasına stress və müxtəlif yüngül xəsarətlərlə bağlı müraciət etdiyini deyib: “Müraciət edənlərdən biri xəstəxanada müalicə olunur, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, hazırda mütəxəssislərdən ibarət qruplar yerlərdə vəziyyət öyrənirlər, nəticələrin qısa müddətə aradan qaldırılması üçün bölgəyə tikinti şirkətləri də cəlb edilib. Tikililərin vəziyyəti ardıcıl olaraq qiymətləndirilib, dərhal yeni evlərin tikintisinə və bərpa-bərkitmə işlərinə başlanılacaq.
FHN hazırda ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurub, əlavə olaraq 1000-ə yaxın çadırın qurulması da nəzərdə tutulub.
Məlumatda o da bildirilib ki, Zaqatala, Balakən və Qax rayonlarında nazirliyin operativ qərargahları yaradılıb.
Nazirlik bildirir ki, qərargahlara daxil olan müraciətlərə dərhal reaksiya verilir. FHN-in “112” qaynar telefon xəttinə və ya yerlərdə fəaliyyət göstərən qərargahlara müraciət etmək olar.

Geri qayıt