Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > SUMQAYIT KAFELƏRİ NİYƏ MAVİYƏ BÜRÜNÜB?

SUMQAYIT KAFELƏRİ NİYƏ MAVİYƏ BÜRÜNÜB?


7-05-2012, 16:34
SUMQAYIT KAFELƏRİ NİYƏ MAVİYƏ BÜRÜNÜB?

İCRA HAKİMİYYƏTİ BUNU «AVROVİZİYA» İLƏ ƏLAQƏLƏNDİRİR

DİA.AZ: - Sumqayıtdakı qaynaqlardan redaksiyamıza ötürülən informasiyadan aydın olur ki, neçə gündür yerli icra hakimiyyətinin nümayəndələri kafe və restoran sahiblərini əməlli-başlı zara gətiriblər.

Bu barədə DİA.AZ-a məlumat verən sahibkarlardan birinin sözlərinə görə, Eldar Əzizovun işçiləri indi də kafe və restoranlardakı süfrələrin rənginə görə, onları incidirlər: «Bizdən tələb edirlər ki, bütün stollar mavi rəngli süfrələrə bürünməlidir. Biz də bunun səbəbini soruşduq və dedik ki, niyə ağ, sarı, qırmızı və yaxud da bir başqa rəng yox, məhz mavi. Bizə dedilər ki, «yuxarıdan» belə tapşırıq və bütün stolların üzərindəki süfrə mavi rəngdə olmalıdır».

Şikayətçi bildirir ki, o artıq yerli icra strukturlarının tələbinə əməl edib: «Amma yenə də öyrəndim ki, mavi rəngli süfrələrə keçid sən demə, «Avroviziya» ilə bağlı imiş. Mən başa düşə bilmirəm ki, bu yarışmanın Sumqayıta nə dəxli var? Lap tutalım, dəxli var, bəs mavi rəngli mələfələr hansı mənanı daşıyır?»

Hər halda, sumqayıtlı sahibkarın sualını yaxşı olardı ki, elə yerli icra hakimiyyəti, ən əsas da icra başçısı Eldar Əzizov cavablandırsın. Çünki doğrusunu elə onun özü bilir.


Geri qayıt