Əsas Səhifə > Cəmiyyət, Manşet > BANK MAFİYASI VƏTƏNDAŞLARI TALAYIR

BANK MAFİYASI VƏTƏNDAŞLARI TALAYIR


7-05-2012, 15:29
BANK MAFİYASI VƏTƏNDAŞLARI TALAYIR

««BANK OF BAKU»NUN ŞİRİN VƏDLƏRİNƏ KİMSƏ İNANMASIN»

DİA.AZ: - «Hələ utanmadan reklam da edirlər. Camaata guya ki, aşağı faizlərlə kredit təklif edirlər. Sizin redaksiyanız vasitəsilə bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm. Onlara adlanmayın. Hamısı fırıldaqdır. Mən yanmışam, istəmirəm, kimsə də yansın». Bu sözlər DİA.AZ-a ünvanlanan bir şikayət məktubundandır.

Bir müddət əvvəl adı İranın xüsusi xidmət orqanları ilə qoşa çəkilən və məşhur «Vikliks» təşkilatının açıqladığı məxfi sənədlərdə İrandan ötürülən çirkli pulların yuyulmasının fəal iştirakçısı kimi təqdim olunan «Bank of Baku»nun son günlərdə kredit reklamına girişməsi bir qrup paytaxt sakininin narazılığı ilə qarşılanıb.

Redaksiyamıza müraciət edən sakinlər bildirir ki, onlar da zamanında «Bank of Baku»nun şirin vədlərinə aldanıblar: «Nəticədə bu gün hər şeyimiz əlimizdən çıxıb. Hələ də banka pul ödəyirik. Əslində onlar talançıdırlar».

Başqa bir şikayətçi isə bildirir ki, o, məcburi qaydada «Bank of Baku»nun müştərisinə çevrilib: « Özümə «Hyundai» markalı maşın aldım. Mənə avtosalondan «Bank of Baku»nu məsləhət gördülər. Halbuki mən «Unibank»ın əvvəllər müştərisi olmuşdum. Amma avtosalondan onların kredit məsələsində yalnız «Bank of Baku» ilə əməkdaşlıq etdiklərini bildirdilər. Mən nə biləydim ki, bunların hamısı bir adamdır. Sonradan öyrəndim ki, sən demə, bunların hamısı İrana işləyirmişlər və onları «NAB» şirkətinin sahibi olan Oromi qardaşları yönəldir».

Daha sonra vətəndaş məktubunda bildirir ki, onun avtomobil aldığı «Hyundai Auto Azerbaijan» şirkətinə məxsus olan avtosalon «Azərbaycan» Dövlət Nəşriyyatı ilə üzbəüz yerləşir: «Oranın sahibi də iranlı idi. Halbuki nədənsə bunu gizlətdi. İndi başa düşürəm ki, bu adamlar Azərbaycanda Türkiyə şirkəti kimi fəaliyyət göstərirlər. Halbuki İrana bağlıdırlar».

Daha sonra bir neçə günlük ödəmə gecikməsinin qurbanı olduğunu bildirən şikayətçi vurğulayır ki, sanki əlinə fürsət düşən «Bank of Baku» əməkdaşları onun maşınına qanunsuz olaraq həbs qoymaqla yanaşı, həm də qanunsuz məhkəmə qərarları çıxararaq nəhayətdə maşınının satışına da nail olublar: «İndi öyrənmişəm ki, onlar bir mafiya imiş. Ədliyyə nazirliyinin hərraclarında da adamları var. Elə bir şərait yaradırlar ki, nəhayətdə vətəndaş öz maşınını əldən verməli olur. Qanunsuz simvolik hərraclar keçirib vətəndaşdan alınan maşını öz adlarına keçirirlər. Sonradan isə cəmi bir ay sürülmüş maşını baha qiymətə satırlar».

Bütün hüquqi instansiyalara müraciət edən «Bank of Baku»nun qurbanları həmin fırıldaqçıların Azərbaycanda bəzi məmurlar tərəfində də himayə olunduğunu iddia edirlər: «Əgər belə olmasaydı, İran agenturası ilə adı yan-yana çəkilən bu bankir mafiyasına qarşı hansısa ölçü götürülərdi. Deməli, «yuxarıda» kiminsə boğazını yağlayırlar ki, onlara da «gözün üstündə qaşın var» deyən yoxdur».

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt