Əsas Səhifə > Güney Press, Araşdırma > ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR

ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR


7-05-2012, 11:37
ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR

«ŞUŞA İŞĞAL OLUNARSA, BAŞIMA GÜLLƏ ÇAXACAM»...

DİA.AZ: - Əslində, hər zaman hansısa itkimizlə bağlı müzakirələr aparılarkən öz içimizdən baiskarın tapılıb, hədəflənməsinə qarşı olmuşam. Amma bəzən elə hallar olur ki, bəzən elə faciələrdən danışılır ki, artıq içimizdəki baltaların adını çəkməyə bilmirsən. Elə qarşıdan işğalının, ermənilərə peşkəş edilməsinin ildönümü gələn Şuşa ilə bağlı danışdıqda da milli xainlərimizi xatırlamamaq olmur.

Kimdir onlar? Təbii ki, bu məsələnin üzərinə gələcəyik. Əsas olanı isə nəyi itirmişik - sualının cavablanmasıdır. Bəli, Şuşa bir şəhər olaraq özünün hər türlü dəyəri ilə Azərbaycan üçün mühüm bir əlahiddəliyə malik idi. Hərbi nöqteyi-nəzərdən də bu şəhər Qarabağın ürəyi idi və digər dəyərlər baxımında da. Biz isə bir millət olaraq ürəyimizi düşmən tapdağı altına çox asanlıqla, hətta düşünə bilinəcəkdən də asan bir şəraitdə təslim etdik. Və bu gün hər birimizi ağrıdanı da budur.

Təbii ki, burada Şuşa uğrunda döyüşlərdə canını və sağlamlığını itirmiş, fəda etmiş oğul və qıxlarımızın haqqını unutmuruq və onların hər birinin qarşısında baş əyirik. Onlar əllərindən gələni etdilər və bu barədə kiminsə əyər-əskiyinə danışmağa haqqı yoxdur. Söhbət bizim bir millət olaraq Şuşaya sahiblənə bilməməyimizdən gedir. Fərdlərin yox, bizlərin sahiblənə bilməməsindən…

Bu gün hər kəs - bu işlərə aidiyyatı olan hər kəs Şuşanın işğalının hansı şəraitdə baş verməsi dartışılarkən gen-bol danışır. Olsun, iş görə bilmədiyimizdən danışmağımız təbii görünür. Amma bu danışanlar içində birisi hər zaman mənim xüsusi olaraq diqqətimi cəlb edib. Söhbət Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyevdən gedir. Şuşanın işğalı, Şuşanın düşmənə təslimi məhz onun aktivinə yazılıb. Məhz Rəhim Qazıyevin boynunun borcu hesab olunub. Çünki həmin ərəfədə hələ də sovet dövrünün aşıladığı köləlik psixologiyasından çıxa bilməyən əksəriyyətimiz Rəhim Qazıyevi bu mərtəbəyə gətirmişdi. Onun Milli Azadlıq Hərəkatındakı pafosları onu Azərbaycanın Müdafiə Naziri postuna daşımışdı. Ya zəlzələdən, ya da vəlvələdən… Rəhim Qazıyev adlı riyaziyyat müəllimi - 40 rubla tələbələrə qiymət yazan bir adi ali məktəb müəllimi Azərbaycanın Müdafiə Naziri postunu tuturdu və özü də Azərbaycanın taleyi qumar masasına qoyulan bir zamanda.

Rəhim Qazıyev bu gün inkar edir ki, o, heç bir zaman «Şuşa işğal olunarsa, başıma güllə çaxacam» ifadəsini işlətməyib. Etsin, etməlidir də. Daha nəyi gözləyirdiniz ki? Deməli idi ki, yox, canım, mən bunu demişəm. Deyə bilməzdi, etiraf edə bilməzdi axı… O zaman gərək ki kişi olan kəs dediyinə də əməl edib, başına bir güllə ÇAXMALIYDI.

Rəhim Qazıyev isə yaşamaq istəyir. Yaşasın, hər kəsin haqqı var yaşamağa. Amma bizim bir millət olaraq günahımız nə idi ki, bizlər Şuşa-Qarabağ itkisini yaşamalı olduq. Nə etmişdik ki, müharibəyə dama-damalı riyaziyyat dəftərindəki «voynuşka» oyunu kimi baxan birisi minlərlə qeyrətli Azərbaycan oğlunun və Azərbaycan torpaqlarının taleyini həll edirdi? Günahımız nə idi Allah qarşısında? Hansı günaha batmışdıq ki, Tanrı bizə Rəhim Qazıyevi bir cəza olaraq yollamışdı?

O, bu gün danışır. Hətta özünü vətənpərvər də adlandırır. Hətta AXC iqtidarının o zamankı məmurlarını belə suçlayır. Mərhum Əbülfəz Elçibəyə ağzına gələni də deyir. Çox asan bir yolu seçib. Olsun, o da yaşamalıdır. AXC iqtidarını söyməzsə, yaxşı bilir ki, onu yaşatmazlar. Çünki onun kimilərinin əsl ünvanı ya torpağın altıdır, ya da torpağın hüdudları. Əslində, Rəhim Qazıyev də Əlikram Hümbətov kimi Azərbaycanı tərk etməli idi. Başqa bir yolu yox idi. Amma o, axırıncı bir yolu seçdi. Ayağında Şuşa-Qarabağ boyda bir günahı - AĞIRLIĞI ilə Azərbaycanda yaşamağa üstünlük verdi. Hətta bir ara mətbuata çıxıb, hansısa fermer haqqlarının tapdanmasından da danışırdı.

İnanın ki, onun bu cür danışıqlarını eşidəndə özüm intihara əl atmaq istəyirdim. Özüm hər dəfə ölüb-dirilirdim bu adamın yerinə. Bunun dərdinə baxın, ay Allah… Deyir ki, niyə YAP iqtidarı ona məsələn, traktor almağa imkan vermir və yaxud da ona Neftçalada ferma açmasına şarait yaratmır…

Nə isə. Rəhim Qazıyev bu tövrü ilə Azərbaycanda yaşamağı ilə yanaşı, danışır da. Bir də görürsən, mətbuatın ən sonuncu ucqarında qərarlaşmış bir qəzeti taparaq sinəsini açıb-tökür. Əslində içindəki xıltı ortaya qoyur. AXC iqtidarını Qarabağın işğalında ittiham edir. Yaxşı ki, Şuşa işğal olunanda mərhum Əbülfəz bəy prezident deyilmiş. Yaxşı ki, Şuşa ilə bağlı mərhum Əbülfəz bəy deməmişdi ki, «Şuşa işğal olunarsa, başıma güllə çaxacam»… nə yaxşı… Yoxsa indi Rəhim Qazıyevi susdura bilərdikmi?

Adam o qədər ucadan bağırır ki, doğru yerindəcə keçinir. Az qala AXC iqtidarı zamanı avtobus sürücüsü olmuş şəxsləri də Qarabağın işğalına görə ittiham edir. Sanki hərbə, müharibəyə o yox, başqaları məsul imiş. Sanki AXC iqtidarı dövründə yağ-pendir zavodunun müdiri olanlar onun əl-qolunu bağlayıbmışlar. Və o da Qarabağı qoruya bilməyib.

Amma adam nə onu müdafiə nairi təyin edən Ayaz Mütəllibovun, nə də onu müdafiə naziri postundan türməyə yollayan Heydər Əliyevin iqtidarlarını tənqid edə bilmir. Halbuki Azərbaycan ordusu yaxşıdan-pisdən elə Əbülfəz Elçibəyin dövründə bir sıra hərbi uğurlara imza atmışdı. Və torpaq itkiləri AXC iqtidarından əvvəlki və sonrakı iqtidarların aktivinə daha çox aid olub.

Amma Rəhim Qazıyev buna rəğmən danışır. O gün də danışıb. Hətta ənənəvi olaraq DÜŞMƏN elan etdiyi AXC iqtidarının prezidenti Əbülfəz Elçibəyin də qarasınca deyinib, o zamankı daxili işlər naziri İsgəndər Həmidovun da. Nə deyirik. Danışsın. Çünki bilirik ki, ona bu cür danışıqlarına görə, pul verirlər, onu bu cür danışıqlarına görə yaşadırlar. Amma bir damcı insafı olan kəs bilməlidir ki, yaşam naminə danışanda belə kişiliyi unutmaq olmaz və əgər danışdıqların kimlərəsə böhtandırsa, belə yaşam şərtinə tüpürmək ən doğrusudur…

Seçim sizindir, Rəhim bəy!..

Elcan – DİA.AZ


Geri qayıt