Əsas Səhifə > Ölkə > ƏLİ HƏSƏNOV İSA QƏMBƏRƏ CAVAB VERDİ

ƏLİ HƏSƏNOV İSA QƏMBƏRƏ CAVAB VERDİ


13-10-2011, 13:38
ƏLİ HƏSƏNOV İSA QƏMBƏRƏ CAVAB VERDİ

PA RƏSMİSİ “NADAN” SÖZÜNÜ GERİ QYTARDI

“Azərbaycan xalqının qadınlarla bağlı məxsusi siyasət var. Bu siyasət 10-20 ilə formalaşmayıb. Bu siyasət tarixən çox qədim bir kökə malikdir”. Bu sözləri Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Müstəqil Azərbaycan 20 il: dövlət, ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, ailənin əsasında öncə qadın, sonra övlad dayanır:

“Mən bura cəmiyyəti də əlavə edərdim. Cəmiyyətin də əsas dayaqlardan biri qadındır. Qadın cəmiyyətdə bütün problemlərin altına öz çiynini verir. İnsan hüquqlarının qorunmasında, dövlət quruculuğunda, elmin inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda, siyasət, mədəniyyət, səhiyyə və digər sahələrdə kişilərin xidmətinin qadınlardan çox olduğunu düşünmürəm. Qadınları gətirib tək ailə və uşaqla bağlamaq bizdə islamdan gəlmədir. İslama qədər də Azərbaycan xalqının qadın obrazı, qadınlara münasibəti mövcud olub. Hələ Manna, Atropatena dövlətlərinin tarixində qadınların dövlətdə oynadığı rolla bağlı az da olsa dövrümüzə müəyyən məlumatlar gəlib çıxıb. Kişilərlə bərabər qadınlar bu dövlətlərdə dövlət quruculuğunda iştirak edib. İslam sivilizasiyası dövründə Azərbaycan qadın siyasətinin əsasına islam mənbələri qoyulur. İslam mənbələrində qadın daha çox ailənin başında duran müqəddəs varlıq kimi durur. Cənnəti qadınların ayaqları altında göstərməklə qadın müqəddəsləşdirilir. İslamda qadınların mərdliyindən danışan mənbələr yoxdur. Qadın qəhrəman kimi təqdim olunmur. Türklüyün əsasında dayanan Dədə Qorqud dastanında qadın Burla Xatunların simasında mərd, qeyrətli, nəslin, ailənin namusunu qoruyan bir qəhrəman kimi təqdim edilir. Səfəvilər dövründə qadının ictimai həyatdakı rolu artıb. ADR dövründə Şərqdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verilib”.

Ə. Həsənovun sözlərinə görə, müasir qadın siyasətinin əsasını Heydər Əliyev qoyub: “AXC hakimiyyəti dövründə qadınlara qarşı nadanlıq siyasəti aparılırdı. 1993-cü ildən başlayan yeni ailə-qadın siyasəti bu gün uğurla davam edir. Azərbaycanın elmində, mədəniyyətində, siyasətində, dövlət qulluğunda hesab etmirəm ki, qadınların təmsilçiliyi azdır. Qadınlar da bu sahədə fəallıqlarını artırmalıdır. Azərbaycan qadını müasirləşməli, dünyanın mövcud dəyərlərindən, inkişafından kənarda qalmamalıdır. Mehriban xanım Əliyevanın fəaliyyətini izləmək yetər ki, bu gün Azərbaycanın dünyaya təqdim olunmasında Azərbaycan qadınlarının rolunu görək”.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl “Azadlıq” Radiosuna müsahibəsində Müsavat başqanı İsa Qəmbər Əli Həsnovun ünvanına sərt ifadələr işlədərək bunları demişdi: “Mən bu adama acıdım. Onun nadanlığına acıdım”. İndi isə Əli Həsənov “nadan” sözünü əlinə düşən ilk fürsətdəcə geri qaytarmış oldu.


Geri qayıt