Əsas Səhifə > Güney Press, Araşdırma > DÜNYANIN GÜLÜNC YERİNƏ ÇEVRİLDİK

DÜNYANIN GÜLÜNC YERİNƏ ÇEVRİLDİK


5-05-2012, 16:44
DÜNYANIN GÜLÜNC YERİNƏ ÇEVRİLDİK

“AVROVİZİYA” YARIŞMASINA ƏN ÇOX PULU XƏRCLƏMİŞİK

Transitions Onlineqeyri-kommersiya İnternet jurnalı bildirir ki, Azərbaycanda Eurovision müsabiqəsi bu mahnı müsabiqəsinin tarixində ən bahalısı olacaq.

Jurnalist Şəhla Sultanova hekayəsinə Azərbaycanın şimal-qərbində Kəmərli kənd sakinlərinin əsas problemindən – su problemindən başlayır.

“Hər gün kənd sakinləri bir neçə su mənbəyindən biri olan artezian quyusundan su daşımaq məcburiyyətindədirlər. Həm də, Dünya Bankının məruzəsinə əsasən, su təchizatı problemi bütün Azərbaycan üçün səciyyəvidir, ölkənin supaylayıcı sisteminin böyük hissəsinin yaşı 50-dən çoxdur və istismar müddəti bitmək üzrədir”, deyə jurnalist Şəhla Sultanova “Transitions Online” (TOL) təşkilatının onlayn jurnalında dərc edilmiş məqaləsində yazır.

“Su içmək üçün yararlı deyil, duzludur. Biz gündəlik ehtiyaclarımız, əsasən yuyunmaq üçün duzlu suyu konteynerlərlə daşıyırıq. Bu, ağırdır. Kişilər işlədiyi zaman qadınlar və uşaqlar quyuya gedib böyük konteynerləri orada daşımaq məcburiyyətində qalırlar. İçməli suyu hər gün pulla alırıq, bu isə çox pul tutur”, deyə Kəmərli kənd sakini Hikmət Həsənov söyləyib.

Dünya Bankının məruzəsində deyilir ki, bir çox su kəməri şəbəkələrinin vəziyyəti və bununla bağlı təchizatda fasilələr və böyükmiqyaslı sızıntılar kimi problemlər xidmətlərin keyfiyyətinə və etibarlılığına təsir göstərir və Azərbaycan əhalisinin sağlamlığı üçün təhlükəlidir. 2011-ci ilin iyununda Azərbaycan hökuməti bu problemin həlli ilə məşğul olmağı qərara aldı və ölkənin 64 inzibati bölgəsinin 18-də su təchizatı və kanalizasiya sistemlərinin təmirinə 320 mln. dollar ayırdı. Lakin bir neçə ay sonra yeni fərmanla ayrılmış vəsaitin beşdə biri Bakıda mayın sonlarında “Eurovision-2012” musiqi müsabiqəsinin keçiriləcəyi konsert zalının tikintisinə yönəldildi.

“Hökumət insanları su ilə təmin etmək yerinə su təchizatı xərclərini azaltdı və vəsaitdən piar üçün istifadə edir. Hökumətin resursları çoxdur. Su təchizatı layihələrinə yönəlmiş pullardan istifadə etmək nəyə lazım idi? Azərbaycanın bir çox regionları yay vaxtı su çatışmazlığından əziyyət çəkir. Bu, sağlamlıq üçün təhlükədir”, deyə Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Hərəkatının həmtəsisçisi Natiq Cəfərli bildirib.

Görünür, su “Eurovision-2011”də Azərbaycan duetinin müsabiqəni Bakıya gətirən qələbəsinin bəhrəsini ödəmək üçün xərclənən yeganə mənbə deyil, deyə nəşr yazır. Belə ki, Azərbaycan hökuməti 258 saylı fərmanla əmək haqqı və təqaüdlərin artırılması fondunu 63,6 mln. dollar azaldıb və vəsaiti konsert zalına yatırıb. 202s və 233s saylı fərmanlar isə ölkənin ehtiyat fondundan və digər layihələrdən 108 mln. dollar “Eurovision”la bağlı xərclərə yönəldilib.

Azərbaycan prezidentinin və hökumətinin fərmanlarının “Transitions Online” təşkilatı tərəfindən hazırlanmış icmalı göstərib ki, təkcə pul dəyərinə görə Bakıda keçiriləcək “Eurovision” müsabiqə tarixində ən bahalısı olacaq. “Eurovision”un adı çəkilən birbaşa fərmanlar 75,7 mln. dollara çatır. Bunun 63,6 mln. dolları müsabiqənin təşkilinə, 10 mln. dolları Avropa Yayım İttifaqına maliyyə zəmanətinin verilməsi üçün dövlət televiziyasına, 1,3 mln. dolları isə müsabiqənin milli iştirakçılarının səyahətlərinə ayrılıb.

Lakin həqiqətdə Bakıda “Eurovision”un real dəyəri rəsmi rəqəmlərdən dəfələrlə çox ola bilər. Məbləği milyonlarla dollar olan dövlət xərcləri haqqında bir neçə fərman, göründüyü kimi, müsabiqənin təşkilinin dəstəklənməsinə, məsələn, idman və konsert kompleksinin tikintisinə, yeni “Baku Crystal Hall” konsert zalının yerləşdiyi Bayraq Meydanının abadlaşdırılmasına, Tofiq Bəhramov adına stadionun yenidənqurmasına və s. yönəlib. “TOL” təşkilatı tərəfindən yoxlanılmış 11 fərmanın hamısı “Eurovision”a və müsabiqə ilə bağlı layihələrə dövlət xərclərinin 721 mln. dollar təşkil etdiyini göstərir. Bu vəsaitin 645 mln. dolları bilavasitə xərclərdir. Həm dəbu məbləğə beynəlxalq tədbirlərin keçirilməsi üçün ayrılmış 62 mln. dollar daxil deyil.

Digər qiymətləndirmələrə görə, xərclərin ümumi məbləği fərqlənir. Belə ki, analitik İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu 620 mln. dollar məbləğ göstərir, lakin qeyd edir ki, bilavasitə xərclərlə birlikdə bu məbləğ 1 mlrd. manata (1.240 mlrd. dollar) yaxın ola bilər. “Müsabiqənin keçirilməsi üçün ağlasığmaz miqdarda pul xərclənir”, deyə İbadoğlu qeyd edib. Öz növbəsində, iqtisadçı Nazim Məmmədov qeyd edir ki, Nazirlər Kabineti xərclərlə bağlı açıq izahat vermədiyi üçün KİV-də “Eurovision” xərcləri şişirdilə bilər.

Lakin Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl bu arqumenti təkzib edir. “Crystal Hall “Eurovision”u qəbul etmək üçün tikilib. Bayraq Meydanında günün 24 saatı yenidənqurma işləri aparılır, çünki konsert zalı orada yerləşir. Bakı-Ələt yolu insanları mərkəzdən zala aparır. T.Bəhramov adına stadion Avropa Yayım İttifaqının tələbinə uyğun olaraq “B” planıdır. İdman naziri yerli KİV-ə bildiib ki, müsabiqə üçün 50 avtobus alınıb. Xərclər “birbaşa” və “bilavasitə” kateqoriyalarına bölünməməlidir, onların hamısı birbaşa musiqi müsabiqəsi ilə bağlıdır”, deyə Z.İsmayıl bildirib.

Dövlət İqtisad Universitetinin iqtisadi tənzimləmə şöbəsinin rəhbəri və hakim partiyanın üzvü Mehiş Əhmədov Eurovisiona böyük vəsait xərcləndiyini inkar etmir. Lakin onların dəyərli yatırım olduğunu vurğulayır. “Dünyanın bizi qəbul etməsi üçün bu, Azərbaycan üçün çox mühümdür”, deyə o qeyd edib. “Eurovision bizə radikal islam ölkəsi deyil, dünyəvi ölkə olduğumuzu göstərmək üçün gözəl imkan verir. Biz inkişaf etmiş iqtisadiyyatımız, yaxşı infrastrukturumuz olduğunu dünyaya nümayiş etdirməliyik. Dünya görməlidir ki, biz Ermənistanın bizi təqdim etmək istədiyi kimi təcavüzkar deyil, sülhsevər xalqıq”.

“Tikilmiş kiçik körpü yüz milyonlarla manata başa gələ bilər”, deyə Əhmədov sözünə davam edib. “Bu, gələcəyə açılan körpüdür. Biz onun yaxşı olması üçün nə qədər lazımdırsa, o qədər pul xərcləməliyik”.


Geri qayıt