Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > NAZİR MÜAVİNİ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

NAZİR MÜAVİNİ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ


3-05-2012, 18:43
NAZİR MÜAVİNİ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

HAZIRLANAN ANTİKORRUPSİYA ƏMƏLİYYATINDAN NİYƏ VAZ KEÇİLDİ?

DİA.AZ: - Redaksiyamıza çox ilgin bir fakt daxil olub. Çox etibarlı mənbələrdən DİA.AZ-a ötürülən məlumatda bildirilir ki, nazir müavinlərindən biri həbs olunma təhlükəsi ilə üz-üzə qalıb. Mənbəyə görə, buna səbəb həmin yetkilinin hakimiyyətin üst düzəyində qərarlaşmış simalardan birinin yaxın qohumundan pul istəməsi olub.

Onu da bildirək ki, məlumatlı mənbə hədəfdə olan nazir müavininin və onun həbsinə sifariş verən ünlü hakimiyyət simasının kimliyi barədə tam məlumatı redaksiyamıza ötürsə də, burada dəqiqləşdirmə imkanlarının məhdudluğu və KİV haqqında qanunun şərtləri imkan vermir ki, əlavə açıqlama ilə çıxış edək.

Lakin hadisənin təfərrüatını diqqətinizə çatdırırıq. Beləliklə, mənbəmizin sözlərinə görə, bu günlərdə ünlü hakimiyyət simalarından birinin yaxın qohumunun nazirliklərdən birinə işi düşür və bu məqsədlə həmin nazirlikdə müavin postunu tutan şəxslə görüşür. Tanışlıq belə verilsə də, nazir müavini iş görmək istəyən şəxsdən külli miqdarda, daha dəqiqi, 500 min manat rüşvət tələb edir və and-aman edir ki, həmin pulu özünə istəmir və son qəpiyinə qədər nazirə çatacaq.

Bundan sonra məsələnin böyüdüyünü bildirən mənbəmiz qeyd edir ki, əslində məmur qohumu görüləcək işin müqabilində 100 min manat şirinliyi hazırlaıbmış: «Lakin bazarlığın aparılmsı onu qəzəbləndirib və «yuxarıdakı» adamına müraciət edib. O da adından pul istənilən nazirlə əlaqə saxlayıb və aydın olub ki, nazir müavini özbaşına olaraq rüşvət tələb edib».

Məlumata görə, bundan sonra həmin nazir müavini ilə bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə göstəriş verilir: «Hətta əməliyyat da qurulur və işarələnmiş pullar məmur qohumuna verilir ki, aparıb rüşvət istəyən şəxsə versin. Lakin əməliyyatdan son anda vaz keçilir».

Mənbənin redaksiyamıza söylədiyinə görə, məsələdən Prezident Administrasiyasının xəbər tutmsı bu «özfəaliyyətin» qarşısının alınmasına nədən olur: «Təbii ki, həm həbs sifarişini verən ünlü hakimiyyət siması və həm də prosesdə iştirakçı olan digərləri atdıqları addımın siyasi yükünü anlamadıqlarından vəziyyəti gərginləşdirə bilərmişlər. Yalnız PA-nın müdaxiləsi hadisələrin durmasına nədən olub».

Mənbəmiz onu da bildirir ki, amma buna baxmayaraq həmin nazir müavini ilə bağlı qərar verilib və yaxın günlərdə o, görəvindən alınacaq.

Geri qayıt