Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR
KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR3-05-2012, 16:09 |
RƏQİBLƏRİ FƏALLAŞAN HƏBİBOVU YERİNDƏ OTURTMAQ FİKRİNDƏDİR DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Qubanın 1 Mart olayları zamanı devrilmiş icra başçısı Rauf Həbibov sözügedən hadisələri araşdıran hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib və onun dindirilməsi gözlənilir. Artıq bu məlumatımız təsdiqini tapıb. Verilən xəbərlərdə qeyd olunur ki, Qubanın keçmiş icra başçısı, kütləvi etirazlardan sonra vəzifəsindən istefa verməyə məcbur olan Rauf Həbibbov Baş Prokurorluqda dindirilib. İki saata yaxın Baş Prokurorluqda ifadə verən keçmiş icra başçısına Quba hadisələri ilə bağlı suallar verilib. Xatırladaq ki, martın 1-də Quba rayon İcra Hakimiyyəti qarşısında minlərlə insanın etiraz aksiyası keçirilmişdi. Buna sakinlərin İcra Hakimiyyətindəki toplantıların birində danışan Rauf Həbibovun qubalılar barədə dediyi sözləri hörmətsizlik kimi qəbul etməsi səbəb olmuşdu. Sonradan həmin çıxışın videogörüntülərinin internetdə yayımlanması icra başçısının istefası ilə nəticələndi. O zaman aksiya toqquşmalar və zorakılıqla müşayiət olundu. İcra Hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırıldı. Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Cinayət işi üzrə 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-si barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Rauf Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib. 2007-ci il oktyabrın 1-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məlum hadisədən sonra işdən çıxarılıb. DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyada isə bildirilir ki, Rauf Həbibova qarşı cinayət işi də çıla bilər. Xatırladaq ki, bu barədə dünənki məlumatımızda da vurğulamışdıq və qeyd etmişdik ki, hələlik istintaqa şahid qismində cəlb olunan Rauf Həbibov sonradan təqsirləndirilən şəxsə də çevrilə bilər. Mənbəmizin sözlərinə görə, Həbibovu devirən hakimiyyət içindəki qüvvələr onun son zamanlar müdafiə meyillərindən və rəqiblərinə mətbuatda savaş elan etməsindən xəbər tutduqlarından sabiq icra başçısını cəzalandırmağı da məqsəd ediblər: «Əgər Rauf Həbibov özünü yığışdırmazsa, hətta həbs də oluna bilər. Onun iki saat dindirilməsi də məhz bununla bağlıdır». Geri qayıt |