Əsas Səhifə > Sosial, Manşet > BAYILDA NARAZILIQ ƏRŞƏ DİRƏNİB

BAYILDA NARAZILIQ ƏRŞƏ DİRƏNİB


3-05-2012, 13:59
BAYILDA NARAZILIQ ƏRŞƏ DİRƏNİB

SAKİNLƏR ARTIQ TİKİNTİ İÇİNDƏ YAŞAMAQDAN CANA DOYUBLAR

DİA.AZ: - «Avroviziya» yarışmasının keçiriləcəyi ünvana çevrilən Bayıl qəsəbəsinin sakinləri yaşadıqları ərazinin tikinti meydançasına çevrilməsindən cana doyublar. Bildirək ki, dəfələrlə bu barədə - sakinlərin artan narazılıqları haqda yerli mətbuatda da informasiyalar yer alıb. Amma buna rəğmən vətəndaş şikayətini dinləyən yoxdur və hər kəs yalnız yarışmanın vacib dövlət tədbiri olduğunu bildirərək, narazılıqları qulaqardına vurmaqla məşğuldur.

Xatırladaq ki, Bayıl qəsəbəsində bir neçə bina plana düşdü ki, həmin binaların sakinləri də ədalətsiz kompensasiyaya qane olmaq zorunda qaldılar. Bu azmış kimi, davamlı olaraq həyata keçirilən inşaat işləri nəticəsində evləri uçurulmayan sakinlərin də iki gündən bir kommunal problemləri ortaya çıxır. Gah elektrik enerjisinin verilməsində, gah təbii qaz təminatında problemlər yaranır, gah da əhali içməli su üzünə həsrət qalır.

Redaksiyamıza müraciət edən bir qrup Bayıl sakininin sözlərindən belə aydın oldu ki, ərazidə yeni yolların çəkilməsi səbəbindən qəsəbə daxilində avtomobillərin hərəkəti də qarışıq hala düşüb: «İndi uşaqlarımızın həyatından narahatıq. Yolu keçə bilmirik. Hər istiqamətdən maşınlar gəlir. Və özü də böyük sürətlə. Kimsə buna nəzarət etmir. Ayrı vaxtı hər addımda bir qarşına çıxan yol polisi də Bayılda gözə dəymir».

Sakinlər bildirir ki, yollardakı «bespredel» səbəbindən dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, onları dinləyə olmayıb. Hətta Səbayel rayon icra hakimiyyətinin nümayəndələrindən biri qəsəbə sakinini ağır formada təhqir edərək, onu həbslə də hədələyib.

Olay diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt