Əsas Səhifə > Cəmiyyət > OĞLU ÖLMÜŞ ATA ƏDALƏT İSTƏYİR

OĞLU ÖLMÜŞ ATA ƏDALƏT İSTƏYİR


3-05-2012, 13:46
OĞLU ÖLMÜŞ ATA ƏDALƏT İSTƏYİR

MƏRHUM ABŞ SƏFİRLİYİNİN ƏMƏKDAŞI OLUB

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəniz piyadaları bölməsinin əməkdaşı Elşən Hüseynlinin vəfatından bir il yarım keçir.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) keçirilən mətbuat konfransında məhrumun atası Əli Hüseynov bildirib ki, 2010-cu il dekabrın 28-də 10-YP-773 nömrə nişanlı yol polisi onları saxlayan zaman oğlunun yanında olub. Elşən avtomüfəttişin maşınına yaxınlaşıb. Avtomobildə Vüqar Çingiz oğlu Ələkpərov olub. Oğlunu gözləyən ata güzgüdən görüb ki, adamlar onu polisin avtomobilinin ön qapısından kənara aparırlar. Elşənin burnunun üst hissəsində küt alət zərbəsindən çapıq yeri olub ki, bu da ilkin ekspertizada qeydə alınıb.

Binəqədi Rayon Prokurorluğunun (müstəntiq Elşən Məmmədov) apardığı istintaqın nəticəsində ekspertizanın ilkin rəyi, həmçinin ABŞ səfirliyinin verdiyi sağlamlıq haqqında arayış və xasiyyətnamə nəzərə alınmayıb. Görünür, hüquq-mühafizə orqanları həmkarlarını müdafiə ediblər, şikayətçi bildirir.

2011-ci il fevralın 9-da Binəqədi Rayon Məhkəməsi (hakim Mirheydər Zeynalov) istintaqın versiyasını təsdiqləyib. Həmin il fevralın 22-də Bakı Apellyasiya Məhkəməsi (kollegiyanın sədri Əflatun Qasımov) aşağı instansiyanın qərarı ilə razılaşıb və “şikayət verilmir” qeydini göstərib. Ali Məhkəmə bu qeydin əsasında yaranmış dolaşıq vəziyyəti şərh etməyib. Lakin söhbət vətəndaşın həyatından və ölümündən gedir ki, burada da şübhəli məqamlar çoxdur.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Hüseynlinin ailəsinə məktub göndərərək məhrumun işi barədə müsbət rəy verib, həmçinin prezident administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi ilə əlaqə saxlayacağını vəd edib. Lakin onun vətənə dönüşündən sonra hər şey dalana dirənib.

Ə.Hüseynovun rəsmi, o cümlədən ali orqanlara müraciətləri cavabsız qalıb. Mətbuat konfransında o, dövlət başçısına açıq müraciət edərək ədalətin bərpasına yardım göstərməsini xahiş edib.


Geri qayıt