Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR KABİNETİNDƏ TOTAL İSLAHATLAR

NAZİRLƏR KABİNETİNDƏ TOTAL İSLAHATLAR


3-05-2012, 13:07
NAZİRLƏR KABİNETİNDƏ TOTAL İSLAHATLAR

HAKİMİYYƏT NK-DA KADR VƏ STRUKTUR YENİLƏNMƏLƏRİNƏ HAZIRLAŞIR

DİA.AZ: - Neçə müddətdir ki, mətbuatda hakimiyyətin növbəti kadr islahatlarını həyata keçirəcəyi ilə bağlı məlumatlar yayılsa da, bu yöndə heç bir ciddi hərəkətlənmə müşahidə olunmur. Yalnız icra başçıları ilə bağlı müəyyən yerdəyişmələrin həyata keçirilməsi ilə kifayətlənən rəsmi Bakının bu gedişlərinin isə kadr islahatı kimi dəyərləndirilməsi də qeyri-mümkündür.

Amma buna baxmayaraq YAP iqtidarı yeniləşəcək. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər qaynaq verib. Mənbənin iddialarından belə aydın olur ki, bu ilin avqust ayından etibarən hakimiyyət daxilində çox ciddi proseslərin həyata keçirilməsinə başlanılacaq.

Mənbəmizin sözlərinə görə, həmin ərəfədə həm baş nazir Artur Rəsizadə vəzifəsindən alınacaq və həm də Nazirlər Kabinetinin üz düzəyində, eləcə də kabinetə aid strukturlarda da ciddi kadr islahatları həyata keçiriləcək: «Konkret olaraq Artur Rəsizadə ilə yanaşı, baş nazirin müavini postunu tutan Elçin Əfəndiyev də vəzifədən gedəcək. Maraqlıdır ki, onun yerinə bir zamanlar baş nazirin müavini postunu tutmuş Abbas Abbasovun oğlu, hazırda deputat olan Aydın Abbasov gətiriləcək. Bu addımı bir növ Abbas Abbasovun «mini varis» planı kimi də qiymətləndirmək olar».

Mənbəmiz onu da bildirir ki, kadr islahatları ilə yanaşı Nazirlər Kabineti daxilində struktur islahatlarının da həyata keçirilməsi nəzərdə tutulub: «Bir sıra komissiya və komitələrin ləğv edilərək başqa qurumlarda birləşdirilməsi planları da var. Hələlik bu yöndə müvafiq hüquqi bazanın və sənədlərin hazırlanması prosesi gedir. Yalnız indidən onu deyə bilərik ki, vəzifəsini və idarəsini itirəcəklər sırasında Abid Şərifovun da adı var».


Geri qayıt