Əsas Səhifə > Sosial, Manşet > QƏSSABLARA «AVROVİZİYA» QADAĞASI

QƏSSABLARA «AVROVİZİYA» QADAĞASI


3-05-2012, 12:40
QƏSSABLARA «AVROVİZİYA» QADAĞASI

ZABRAT YOLUNUN ÜSTÜNÜN MAHNI YARIŞMASINA NƏ DƏXLİ VAR İMİŞ?

DİA.AZ: - Bir qrup vətəndaş redaksiyamıza şikayətlə müraciət ediblər. Müraciət müəllifləri bildirirlər ki, illərdir çalışdıqları obyektlər «Avroviziya-2012» yarışmasının güdazına gedib və indi ailələrini dolandıra bilmirlər. Söhbət Zabrat yolunun üstündə yerləşən qəssabxanalardan gedir.

Şikayətçilər redaksiyamıza etdikləri müraciətlərində bildirirlər ki, dünən axşam saatlarından etibarən Sabunçu rayon icra hakimiyyətinin işçiləri və eləcə yerli polis bölməsinin əməkdaşları onların obyektlərinə hücum çəkərək, iş yerlərini bağlayıblar.

Narazı işçilərin DİA.AZ-a bildirdikləri: «Bura bizim yeganə dolanışıq yerimizdir. İndi ailəmizi nə ilə dolandıracağımızı bilmirik. Bundan əlavə, ümumilikdə bütün sahibkarların tonlarla kəsilmiş əti də əllərində qalıb ki, onlar da xarab olacaq».

Şikayətçilərin sözlərinə görə, onlara icra hakimiyyətinin işçiləri tərəfindən bildirilib ki, «Avroviziya» yarışması bitəndən sonra fəaliyyətlərini başlaya bilərlər: «Biz başa düşə bilmirik ki, Zabrat yolunun «Avroviziya» yarışmasına nə dəxli var. İndi bir ay nə edəcəyik?»

Onu da bildirək ki, baş verən olayla bağlı əlaqədar təşkilatların mövqeyini öyrənməyə çalışsaq da, kimsə bu barədə danışmaq istəmədi. Yerli icra hakimiyyətinin nümayəndələri isə bizi dinlədikdən sonra yalnız telefonun dəstəyini yerə qoymaqla kifayətləndilər.

Geri qayıt