Əsas Səhifə > Ölkə > BRAYZA DA MÜHARİBƏNİN BAŞLAYA BİLƏCƏYİNDƏN DANIŞDI

BRAYZA DA MÜHARİBƏNİN BAŞLAYA BİLƏCƏYİNDƏN DANIŞDI


3-05-2012, 12:32
BRAYZA DA MÜHARİBƏNİN BAŞLAYA BİLƏCƏYİNDƏN DANIŞDI

“MİNSK QRUPUNA İNAM İTƏRSƏ”...

“Azərbaycan yalnız ATƏT-in Minsk Qrupuna etibarını itirdiyi təqdirdə hərbi müdaxiləni nəzərdən keçirə bilər. Bunun baş verməməsi üçün ABŞ və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsində dönüşə nail olmaq istiqamətində səylərini artırmalıdırlar”. “Amerikanın səsi” radiosunun məlumatına görə, bu sözləri “Amerika, Avropa və Cənubi Qafqaz: dəyişən dünyada tərəfdaşlığın qurulması” mövzusunda keçirilən müzakirələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Mayın 2-də Vaşinqtonda yerləşən Ceymstaun Fondunda (The Jamestown Foundation) keçirilən müzakirələrdə ABŞ Dövlət Departamentinin yüksək rəsmisi Daniel Fridman və başqa siyasət müəyyən edən şəxslər iştirak ediblər.

Tədbirin moderatoru Ceymstaun Fondunun prezidenti Qlen Hovard Metyu Brayzanın hazırda mərkəzi Estoniyanın paytaxtı Tallində yerləşən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru olduğunu bildirib.

ABŞ-ın Cənubi Qafqaz ilə bağlı siyasətindən danışarkən M.Brayza bu siyasətin 3 strateji marağa – təhlükəsizlik, enerji və daxili islahatlara söykəndiyini bildirib. Onun sözlərinə görə, Rusiyanı nəzərə almadan Cənubi Qafqazda siyasət formalaşdırmaq mümkünsüzdür. M. Brayza regionda təhlükəsizlik məsələsinə gəldikdə Dağlıq Qarabağ münaqişəsini xatırladıb. “Azərbaycan Dağlıq Qarabağda hərbi münaqişə niyyətində deyil. Azərbaycan hökumətinin ən böyük prioriteti iqtisadi islahatları gücləndirməkdir. Regionlarda inkişaf paytaxtdakı kimi olmasa da, hiss olunandır. Prezident Əliyev qərara alıb ki, ölkəsinin uzun müddətli əmin-amanlığı və onun siyasəti təhlükəsizlikdən asılıdır. Hazırda Azərbaycan hökumətinin Dağlıq Qarabağda müharibəyə başlaması və ya aparması məntiqəuyğun deyil”, - o qeyd edib.

Sabiq səfir deyib ki, ötən ilin iyununda hərbi paraddakı çıxışından sonra İlham Əliyev müharibə ehtimalları barədə təzyiqlərə məruz qalıb. Onun fikrincə, eyni atmosfer Ermənistanda da yaşanır və Yerevanda da heç kəs müharibə istəmir. “Bəli, Azərbaycan diplomatik yolda inkişaf olmadığı təqdirdə hərbi yolun masa üzərinə çıxa biləcəyini nəzərə alaraq hərbi sahədə güclənməsindən istifadə edir. Ancaq bu ritorika diplomatik danışıqlara təsir xarakteri Daşıyır”, - o bildirib.

M. Brayzanın sözlərinə görə, məsələnin həllində Azərbaycan və Ermənistan prezidentlərinin bir-birinə inanması çox vacibdir.

Keçmiş səfir daha sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin təsirləri və prosesin iflası barədə danışıb.

Enerji məsələsinə gəlincə, o, Azərbaycanda bu sahədə ABŞ-ın mövcudiyyətinin çox az olduğunu və hətta “Şahdəniz” layihəsində heç bir Amerika şirkətinin iştirak etmədiyini bildirib.

Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor da regiondakı enerji layihələrindən və Dağlıq Qarabağ münaqişəsinin ciddi problem olmasından söz açıb. O, habelə Rusiyanın Gürcüstan ərazilərini işğal etməsinə ABŞ göz yummamalı olduğunu diqqətə çatdırıb.

Tədbirin sual-cavab sessiyasında söz alan Dövlət Departamentinin rəsmisi Daniel Fridman hazırda Azərbaycan iqtisadiyyatının 5-6 oliqarxın əlində cəmləşdiyini bildirib.

Geri qayıt