Əsas Səhifə > Sosial, Manşet > «ALOV QÜLLƏLƏRİ» BAKI ÜÇÜN TƏHLÜKƏDİR

«ALOV QÜLLƏLƏRİ» BAKI ÜÇÜN TƏHLÜKƏDİR


12-10-2011, 13:05
«ALOV QÜLLƏLƏRİ» BAKI ÜÇÜN TƏHLÜKƏDİR

BİNA ÖZÜ SÜRÜŞMƏSƏ DƏ, ƏTRAFDAKI BİNALARI SÜRÜŞDÜRƏCƏK

DİA.AZ: - Məlum olduğu kimi, Moskva mehmanxanasının yerində tikilən “Alov Qüllələri”ndə sürüşmə baş verib. Bildirək ki, bu barədə məlumat mətbuatda yeni səslənsə də, ərazinin yaxınlığında yaşayan sakinlər bildirirlər ki, artıq bir həftədir ki, sürüşmə baş verib.

Sakinlərin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirdiyinə görə, binanın sürüşməsi səbəbindən hətta yaxınlıqdan keçən, üzü Milli Məclis binasına qalxan yolun kənarında da çatlar əmələ gəlib: «Həmin çatları bu gün də görmək mümkündür. Çünki çatların üzəri asfaltla yamaqlandığından, təsə asfaltlə köhnə asfaltın fərqi açıq-aşkar duyulur».

Onu da bildirək ki, “Alov Qüllələri” binasının tikintisini həyata keçirən “DİA Holdinq” şirkətidir və mətbuatda gec də olsa yayılmış xəbərə münasibət bildirən şirkətin nümayəndəsi Akif Musayev bildirib ki, sürüşmənin olması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil və bina çox etibarlı tikilib: “Həmin üç qüllənin hər birinin 40 metrə qədər özülü var. O, heç bir halda sürüşə bilməz. Azərbaycanda tikilən binalar içərisində “Üç Alov” ən etibarlı binadır. Gərək bütün Bakı sürüşsün ki, “Üç Alov” da sürüşsün. Ona görə də bu məlumatlar yanlışdır”.

Bu gün isə DİA.AZ əməkdaşları olaraq hadisə yerində olduq. İnşaat meydançasını qoruyan mühafizəçilər çəkiliş aparmağımıza imkan verməsələr də, çatların yamaq asfaltla örtüldüyü açıq-aşkar görülürdü. Lakin binaların sürüşməsi müşahidə olunmadı.

Bununla bağlı redaksiyamızı bilgiləndirən şirkət çalışanlarından biri anonim olaraq söylədi ki, “Alov Qüllələri”nin sürüşməsi mümkün deyil, amma problem var: «Binanın sürüşməsi həqiqətən də mümkün deyil. Amma bu ağırlığı ətraf ərazinin qaldırması da problemlidir. Ona görə də bina yox, ətrafdakı torpaq hissə, magistral yol və eləcə də binalar sürüşə bilər və bu aqibət qaçılmazdır».

Onu da qeyd edək ki, son günlər Bayıl qəsəbəsində həyata keçirilən inşaat işləri də Bayıla gedən alternativ «Gülüstan» yolunun sürüşməsinə nədən olub və artıq bir aydan çoxdur ki, həmin ərazi maşınların üzünə bağlıdır.

Eyni prosesin məhz Moskva mehmanxanasının yerində tikilən “Alov Qüllələri”nin səbəbindən Milli Məclisə qalxan yolda da baş verəcəyin istisna etməyən sözügedən şirkət çalışanı onu da bildirdi ki, əslində «DİA Holdinq» rəhbərliyi bunun belə olacağından əvvəlcədən də məlumatlı idi: «Amma buna baxmayaraq, yenə də inşaata izin verildi. Gələcəyindən Allah saxlasın».


«ALOV QÜLLƏLƏRİ» BAKI ÜÇÜN TƏHLÜKƏDİR
Geri qayıt