Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOV ÜMİDİNİ İTİRMƏYİB

MİSİR MƏRDANOV ÜMİDİNİ İTİRMƏYİB


2-05-2012, 12:00
MİSİR MƏRDANOV ÜMİDİNİ İTİRMƏYİB

TƏHSİL NAZİRİ PUL QAZANMAĞIN YENİ YOLLARINI DÜŞÜNÜB, TAPIB

DİA.AZ: - Azərbaycan Təhsil Nazirliyi şagirdlərin iş dəftərlərindəki bəzi məsələləri dərsliklərə daxil edəcək. Bunu Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.

Onun sözlərinə görə, bu yenilik I və V siniflərdə bütün fənlər üzrə dərsliklərdə həyata keçiriləcək.

Şahbazlının sözlərinə görə, iş dəftərlərindəki bəzi məsələlərin dərsliklərə daxil edilməsi dərsliklərin məzmunun daha da yaxşılaşmasına xidmət edəcək.

Nazirlik rəsmisi deyib ki, hazırda dərslik və müəllim üçün nəzərdə tutulan metodiki vəsaitlər dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına pulsuz verilir. Amma iş dəftərlərini valideynlər alırlar. Bəzən valideynlərin bu iş dəftərlərini almağa imkanı olmur.

"Elə ailələr var ki, onların 3-4 uşağı məktəbə gedir. Onlar bu iş dəftərlərini ala bilmirdilər. Almayanda da bu, bizim ümumi siyasətimizə xələl gətirirdi. Ona görə də biz başqa variant təklif etdik ki, dərslik və müəllim üçün metodik vəsait olsun, iş dəftərlərində nəzərdə tutulan bəzi məsələlər dərsliyə daxil edilsin", - Şahbazlı bildirib.

Qeyd edək ki, orta təhsil sistemində fənn kurrikulumlarının tətbiqi ilə əlaqədar məktəblərdə dərsliklərlə yanaşı, iş dəftərlərindən də istifadə edilir. Hazırda I-IV siniflərdə fənn kurrikulumları tətbiq edilir. Yeni tədris ilində artıq V siniflər üzrə də kurrikulum tətbiq olunacaq.

Onu da bildirək ki, son günlər nazir Misir Mərdanov bir-birinin ardından xeyli sayda zərbə alıb ki, əslində təhsil nazirliyinin dərslik siyasətini hansı səbəblərdən yeniləşdirməkdə maraqlı olduğunu da anlamaq mümkündür. Bu barədə DİA.AZ-ı məlumatlandıran təhsil nazirliyindəki qaynaqlar da təsdiqləyir ki, burada başlıca məqsəd heç də təhsilin səviyyəsinin artırılmasına və yaxud da hansısa yeniliyə imza atılmasına xidmət etmir:

«Məlumdur ki, Misir Mərdanov davamlı olaraq küncə sıxışdırılır. Amma pul da qazanmaq lazımdır. Ona görə də büdcədən ayrılan vəsaiti «dərslik siyasətinin yeniləşdirilməsi» adı altında mənimsəmə kampaniyası başlayır. Təsəvvür edin, nə qədər gəlir əldə edilə bilər».

Mənbəmiz onu da bildirdi ki, bu gün ölkədə təhsil nazirliyinin dərsliklərə əlavə üçün nəzərdə tutduğu işdən külli miqdarda pul qazanılacaq ki, həmin vəsaitin də kimlərin cibinə axacağı aydındır: «Təsadüfi deyil ki, bu gün dərsliklərin və ümumiyyətlə, təhsilə aid buraxılışların nəşrində bir monapoliya var və bu çap prosesi birbaşa olaraq Misir Mərdanova yaxın şəxslərin əlindədir. Əgər normal ölkələrdə bu kimi işlərin icraçısı tender yolu ilə müəyyənləşirsə, bizdə hələ material hazır olmamış artıq hansı mətbəənin çap maşınlarının işə salınacağı bəlli olur».


Geri qayıt