Əsas Səhifə > Siyasət, Manşet > İRAN YENƏ DƏ RƏSMİ BAKINI HƏDƏLƏDİ

İRAN YENƏ DƏ RƏSMİ BAKINI HƏDƏLƏDİ


2-05-2012, 11:51
İRAN YENƏ DƏ RƏSMİ BAKINI HƏDƏLƏDİ

TEHRANIN MÜVƏQQƏTİ İMAM-CÜMƏSİ DƏ AZƏRBAYCAN ƏLEYHİNƏ DANIŞIB

DİA.AZ: - Bu günlərdə erməni dövlət başçısı Serj Sarkisyandan mətni ictimaiyyətə açıqlanmayan məxfi məktub alan İranın ölkəmizə qarşı düşmən münasibəti əslində təkcə şiə Azərbaycanın torpaqlarını öz işğalı altında saxlayan Ermənistana münasibətilə ölçülmür. Buna paralel olaraq İranın xüsusi xidmət orqanları Azərbaycan əleyhinə provokasiyalar törətməkdə, eyni zamanda əllərindəki təbliğat imkanlarını Azərbaycana qarşı istifadə etməkdədirlər.

Artıq molla mətbuatında antiAzərbaycan ruhlu materialların sayı da durmadan artır. Və bu qəbildən olan daha bir məlumat «AranNews» portalında yer alıb. Portalın verdiyi xəbərdən aydın olur ki, Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Siddiqi rəsmən Azərbaycan iqtidarını hədələyib. DİA.AZ olaraq həmin materialı diqqətinizə təqdim edirik:

«Tehranın müvəqqəti imam cüməsi Ayətullah Siddiqi bu həftəki cümə namazının xütbələrində 5+1 qrupunun İstanbul iclasına işarə edərək vurğuladı: "Bu iclasda İran xalqının müqaviməti, həmrəyliyi, vilayətçiliyi, birliyi göstərildi və dünya əhalisi bir daha başa düşdü ki, İran xalqı güclü, möhkəm və işində qərarlıdır. Bu xalq öz nüvə hüquqlarından geri çəkilməyəcək".

AranNews-in Tehranın cümə namazı xütbələrindən verdiyi məlumata əsasən, cümə namazı xətibi xütbələrinin ikinci hissəsində Azərbaycan Respublikasındakı islamofobiyaya işarə etdi və sionist rejimin dünyanın ikinci şiə ölkəsinə səfərini acınacaqlı adlandırdı.

Ayətullah Siddiqi artırdı: "Bu ölkənin müsəlman xalqından gözlənilən budur ki, öz dövlətlərindən sionist rejimə yaxınlaşmamağı istəsinlər. Çünki İsrail rejimi region ölkələrinin bir nömrəli düşmənidir".

O, davam etdi: "Sionist rejimin və qərbin proqramları müsəlmanların etiqadları ilə uyğun gəlmir. Yaxşı olar ki, regionun müsəlman dövlətləri özləri gələcəkdə problemlə üzləşməmək üçün sionist rejimə qarşı formalaşmış müqavimətdə öz xalqlarını dəstəkləsinlər".

Tehranın cümə namazı xətibi Azərbaycan hökumətinin bu ölkənin müsəlman xalqının istəklərinə əhəmiyyətsiz yanaşmasına da toxunaraq dedi: "Azərbaycan hökumətindən gözlənilən budur ki, ölkəsinin müsəlman xalqının istəklərinə əhəmiyyətlə yanaşsın".

Ayətullah Siddiqi homoseksualların yaxın gələcəkdə Azərbaycan Respublikasında gey-parad keçirməsini dözülməz adlandırdı».


Geri qayıt