Əsas Səhifə > Ölkə, Manşet > TQDK RƏHBƏRİNDƏN TN ŞEFİNƏ DAHA BİR HƏMLƏ

TQDK RƏHBƏRİNDƏN TN ŞEFİNƏ DAHA BİR HƏMLƏ


1-05-2012, 13:48
TQDK RƏHBƏRİNDƏN TN ŞEFİNƏ DAHA BİR HƏMLƏ

MƏLEYKƏ ABBASZADƏ NAZİRLİYİN KADR SİYASƏTİNƏ NÜFUZ EDƏCƏK

DİA.AZ: - Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən cari tədris ili üzrə orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilməsinə hazırlıq işlərinə hazırlıq məqsədilə şəhər və rayon təhsil şöbələrinin nümayəndələri ilə müşavirələrə başlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, müşavirələrdə TQDK sədri Məleykə Abbaszadə, komissiyanın əməkdaşları iştirak edir. Tədbirdə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər və bu istiqamətdə şəhər və rayon təhsil şöbələrinin üzərinə düşən vəzifələrə dair müzakirələr aparılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl orta məktəblərdə buraxılış imtahanlarına nəzarət səlahiyyətləri təhsil nazirliyindən alınaraq TQDK-ya verildi ki, ekspertlər haqlı olaraq prezidentin bu addımını Məleykə Abbaszadənin Misir Mərdanov üzərindəki növbəti qələbəsi kimi səciyyələndirdilər.

Redaksiyamızın əldə etdiyi məlumatlarda isə bildirilir ki, bu da TQDK rəhbərliyii qane edən bir hədd deyil və Məleykə Abbaszadə yeni səlahiyyətlərin verilməsi üçün «yuxarılara» müraciət etməyə hazırlaşır. Mötəbər qaynağın DİA.AZ redaksiyasına bildirdikləri:

«Təbii ki, bu gün məktəb direktorlarının təyinatında təhsil nazirliyinin iradəsi əsas rol oynayır və TQDK rəhbərliyi həm yerli təhsil idarələrinin işçiləri ilə və həm də orta məktəb direktorları ilə təmaslarında çox ciddi problemlər yaşamağa başlayıblar. Bu, artıq ilk gündən hiss olunur ki, sözügedən səbəbdən Məleykə Abbaszadə birbaşa olaraq orta məktəblərdə və rayon təhsil şöbələrində buraxılış imtahanlarına məsul olan komissyaların yaradılmasını və bu komissiyaların tərkibinin də TQDK tərəfindən müəyyən olunmasını istəyir. Artıq belə bir tələb Nazirlər Kabinetinə göndərilib».

Mənbəmiz bildirir ki, əgər bu proses də baş tutarsa, Məleykə Abbaszadə dolayı yolla Misir Mərdanovun bəlkə də sonuncu gəlir ünvanlarından biri olan təhsil nazirliyinin kadr siyasətinə də müdaxilə imkanları əldə etmiş olacaq.


Geri qayıt