Əsas Səhifə > Cəmiyyət > "YENİ MÜSAVAT"A QARŞI TƏXRİBAT

"YENİ MÜSAVAT"A QARŞI TƏXRİBAT


15-09-2011, 15:35
"YENİ MÜSAVAT"A QARŞI TƏXRİBAT

TÜRKİYƏ SƏFİRLİYİ ADINDAN ABSURD BƏYANAT YAYILIB

Bu gün əksər saytlarda Türkiyə səfirliyinin adından bəyanat yayılıb. “Yeni Müsavat” qəzeti ilə bağlı bəyanatı oxuduqca heyrətə düşməyə bilmədik. Çünki “Yeni Müsavat”da dərc edilməyən bir xəbərə görə, qəzetə qarşı açıqlama yayılıb. APA-nın məlumatını olduğu kimi dərc edirik: ““Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanda nəşr olunan «Yeni Müsavat» qəzetinin ötən həftə dərc etdiyi «Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur» başlıqlı xəbərin əsassız və həqiqətdən uzaq bir xəbər olduğunu bildirib”.

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. E. Sabiroğlu bildirib ki, Türkiyə səfirliyinin mətbuat müşavirliyi müvafiq açıqlamasında Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasında mövcud olan dostluğu, əməkdaşlığı və qardaşlığı pozmaq istiqamətində «gerçək olmayan» yazılar olduğunu ifadə edərək, «Biz yayımlanan xəbərləri ciddi qarşılamırıq və əhəmiyyət vermirik» şəklində açıqlama ilə çıxış edib: “Açıqlamada ötən həftə dərc olunan xəbərlərin əsassız və həqiqətdən uzaq xəbər olduğu qeyd edilib.

Açıqlamanın davamında Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Azərbaycanın dövlət qurumları ilə çox intensiv və gözəl əlaqələrin mövcud olduğu qeyd edilərək, Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasındakı əlaqələrə ziyan vurmaq istəyən qüvvələrin bir cəhdi olduğu vurğulanıb. «Yeni Müsavat» qəzetində yayılan bu xəbərin anonim dərc edildiyini də xatırladan açıqlamada xəbərlərin məqsədinin Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmaq və Türkiyənin dostu müdafiə naziri Səfər Əbiyevin nüfuzuna xələl gətirmək və ona təzyiq göstərmək olduğu ifadə edilib”.

Öncə onu qeyd edək ki, nə ötən həftə, nə ondan əvvəl və sonra – ümumiyyətlə, heç vaxt “Yeni Müsavat” qəzetində “Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur” başlıqlı xəbər dərc olunmayıb. “Yeni Müsavat”ın yazmadığı bir xəbərlə bağlı belə absurd açıqlama yayılması heyrətamizdir. Hələlik dəqiqləşdirmə aparırıq ki, Türkiyə səfirliyi doğrudan da belə bir açıqlama yayıb, ya yox. Məsələnin anlaşılmaz tərəfi odur ki, Türkiyə səfirliyinin bəyanat yayması haqda KİV-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib. Axı Türkiyə səfirliyinin bəyanatı bir qayda olaraq öz tərəflərindən mətbuata yayılır?!

Burada heyrət doğuran əsas məsələ isə olayın mahiyyətinin tamamilə təhrif olunmasıdır. Ötən həftə və ondan əvvəlki tarixlərdə “Yeni Müsavat” qəzetində Azərbaycan türklərinin (Türkiyə türklərinin müdavimlərin, zabitlərin yox!-red.) sıxışdırılması haqda Ali Hərbi Akademiyanın dinləyicilərinin anonim məktubları dərc edilib. Burada söhbət, bir daha təkrar edirik, türkiyəli hərbi müdavimlərdən deyil, Azərbaycan türklərindən (azərbaycanlılardan) gedir. Həmin məktubların mahiyyətində bu dayanır ki, Səfər Əbiyev Müdafiə Nazirliyində qohumbazlıq, yerlibazlıqla məşğuldur və yüksək vəzifələrə etniklər çəkilir. Bu cür mahiyyəti olan yazıya Türkiyə səfirliyinin “türk müdavimlərə qarşı təzyiqlər edilməsi əsassızdır” tipli bəyanat yayması ağlasığmaz məsələdir. Güman edirik ki, bu bir təxribatdır və məqsəd Səfər Əbiyevin qanunsuz əməlləri, korrupsiya faktları ilə bağlı yazılardan diqqəti gülməli, çaşqın manevrlərlə yayındırmaqdır.

Digər tərəfdən, həmin yazılarda söhbət təkcə etnik ayrıseçkilikdən deyil, daha çox ciddi korrupsiya faktlarından gedir.

Bu cür “peşəkar”, ucuz təxribatçılıqla məşğul olmaq yalnız onun müəlliflərini gülüş obyektinə çevirəcək.

“Yeni Müsavat”


Geri qayıt