Əsas Səhifə > Sosial, Manşet > İKİ BANKIN PENSİYA MAXİNASİYALARI

İKİ BANKIN PENSİYA MAXİNASİYALARI


28-04-2012, 13:38
İKİ BANKIN PENSİYA MAXİNASİYALARI

MADDİ MARAQLAR 1.3 MİLYONLUQ TƏQAÜDÇÜ ORDUSUNU ZƏLİL EDİB

DİA.AZ: - Son günlər Beynəlxalq Bankın bir neçə rayon filialı qarşısında etirazlarla müşayiət olunan uzun növbələr yarandığı haqda məlumatlar gəlir. Buna səbəb pensiyaçıların hesablarında pul olmasına baxmayaraq, plastik kartlarının vaxtının ötməsidir. Bununla bağlı təxminən 90 min təqaüdçüyə xəbərdarlıq edilməli olduğu halda, bu addım atılmayıb.

Narazılıq doğruran daha bir problem kartaların Beynəlxalq Bankın yalnız Yasamal filialında dəyişdirilməsidir. Təqaüdçülər kartların bank tərəfindən verilməsini doğru saymır. Hesab edirlər ki, çəkdikləri əziyyət hədərdir, kartların əvvəlki qaydada sosial müdafiə mərkəzlərində dəyişsələr, belə problemlə üzləşməzdilər.

DİA.AZ bildirir ki, bankın nümayəndələri isə problemin pensiyaçılar tərəfindən yaradıldığını iddia edirlər. Çünki təqaüdçülər basırıq yaradırlar. Əslində isə kartların dəyişdirilməsini müvəkkil banklar probelmsiz həll etməlidir. Vətəndaş müraciət etmədən həmin plastik kartlar hazırlanmalıdır. Onun vaxtı keçəndə sözügedən kommersiya qurumları 10-15 dəqiqə ərzində yenisini təqdim etməlidir. Çünki vətəndaş kartının bitmə müddətini unuda bilər, lakin xidmət göstərən təşkilat elektron sistemlə işləyir. Elektron sistem elə quraşdırılır ki, kartın müddəti bitəndə yenisinin hazırlanması sifarişini avtomatik verir.

Bu gün pensiya və əməkhaqlarının kartla verilməsi iki banka etibar edilib- «KapitalBank»a və Beynəlxalq Banka. Müvəkkil kommersiya qurumlarının maddi-texniki imkanları isə 1,3 milyon nəfər təqaüdçüyə və 700 mindən çox büdcə təşkilatlarında çalışanlara xidmət göstərməyə yetmir. Ekspertlərin fikrincə, problemin həlli üçün daha bir neçə kommersiya bankı da prosesə qoşulmalıdır. Lakin çoxsaylı təkliflərə baxmayaraq, hökumət bunlara diqqət yetirmir, yalnız iki bankla əməkdaşlıq edilir. Rəsmi açıqlamaya görə 69 lotdan 47-si üzrə tenderin qalibləri Azərbaycan Beynəlxalq Bankı və «Kapital Bank» olublar. Halbuki bu lotlardan ikisi üzrə ən aşağı qiymət «Texnikabank» tərəfindən irəli sürülüb, lakin Azərbaycan Mərkəzi Bankı onun indiki vəziyyətini nəzərə alaraq, pensiyaların verilməsində risk etməyi məqsədəuyğun hesab etməyib. Buna görə də bu bankın prosesdə iştirakından imtina edilib.

Artıq tender komissiyası pensiyaçılara xidmət göstərilməsini ikinci yeri tutan «Kapital Bank»ın şöbələrinə verməyi qərara alıb. Lakin bank Sumqayıtda pensiyaçılara xidmət göstərməkdən imtina edib. Belə ki, bu şəhərdə «Kapital Bank»ın bankomat sistemi lazımi səviyyədə deyil və vəziyyətin yaxşılaşdırılmasına böyük həcmdə vəsait tələb olunur. Bununla əlaqədar olaraq, bu lotun qalibi də Beynəlxalq Bank elan edilib.

Hazırda Beynəlxalq Bank lotların 57 faizinə, 43 faizinə isə «Kapital Bank» iddia edir. Qalan 22 lot üzrə yalnız iki bank iştirak edib. Halbuki tenderin şərtlərinə əsasən, ən azı üç namizəd olmalıdır. Tenderin şərtlərinə əsasən, yeni qaydalar mayın 1-dən qüvvəyə minir. Onu da bildirək ki, mart-aprel aylarında təkcə Sumqayıt, Abşeron rayonu və Bakının 11 rayonunda 90. 120 pensiya kartının müddəti başa çatıb. Hazırda banklarda bu kartların dəyişdirilməsi prosesi gedir.

Heç cür aydın deyil ki, hökumət nə üçün pensiyaların verilməsində yalnız iki bankın-»Kapital Bank»ın və Beynəlxalq Bankın üzərində qurur. Özləri də gözəl bilir ki, hər ay bankomatların qarşısında növbələrin yaranmasının, pensiyların gecikməsinin kökündə məhz bu durur. Burada monopoliya açıq şəkildədir. Müqaviləyə əsasən, göstərdikləri xidmətə görə həmin iki bank dövlət strukturlarından faiz alacaq. Əlbəttə, burada da az vəsaitidən söhbət getmir. Nəzərə alsaq ki, ölkədə 1,3 milyon pensiyaçı var, onların hamısı kartdan istifadə edir, bank hər bir şəxs üçün faiz tutur. O zaman burada milyonlarla manatlıq qazanc üzərində mübarizədən söhbət gedir. Əlbəttə, hər bir monopolist belə bir gəlirə nəzarət etmək istəyər. Görünür, «Kapital Bank» və Beynəlxalq Bankı nəzarət edən oliqarxlar bu sektorda daha çox güc nümayiş etdirə biliblər.


Geri qayıt