Əsas Səhifə > Hadisə, Manşet > VASİF TALIBOV HÜCUMA KEÇDİ

VASİF TALIBOV HÜCUMA KEÇDİ


26-04-2012, 18:33
VASİF TALIBOV HÜCUMA KEÇDİ

NAXÇIVANDA HAKİMİYYƏT TÜRK LİSEYLƏRİNİ BAĞLAYIR?

Naxçıvanda Türk qızlar liseylərinə qarşı müəmmalı əməliyyatlar aparılır, bir neçə gündür ki, Ordubad rayonundakı Qızlar liseyinin bağlanması təəccüblə qarşılanır. Bu xəbər Turana bölgə müxbirindən daxil olub.

Liseydə təhsil alan şagirdlərin yaxınlarının sözlərinə görə, liseyin XI sinif şagirdləri istisna olmaqla, qalan sinif şagirdləri yerli orta məktəblərə yerləşdirilib. Liseydə təhsilin yüksək səviyyədə olmasına baxmadan qapadılması Naxçıvan rəhbərliyinin təhsilə hörmətsizliyinin göstəricisi adlandırılır. Valideynlərə görə, liseyin bağlanmasına Türkiyə və Azərbaycan rəsmilərinin son illərdəki soyuq münasibəti səbəb olub. Bu addım həm də savadlı, dünyagörüşlü və fəal gənclərin yetişdirilməsinin Naxçıvan rəhbərliyinə sərf etməməsi sayılır.

Hadisə ölkə ictimaiyyətindən gizlədilir, bu haqda mətbuata məlumat verəcək şəxslərə cəzalandırılacaqları xəbərdarlığı edilir. İnformasiyanı verən mənbə faktı aça bilmək üçün İrandan zəng etdiyini deyib. Naxçıvan rəhbərliyi liseyin bağlanmasına səbəb kimi məktəbdə antisanitariyanı, dini-siyasi ədəbiyyatın yayılmasını göstərir. Naxçıvan Təhsil Nazirliyi liseyin bağlanmasını təsdiqləsə də, ətraflı məlumat verməkdən imtina edib.

Mənbə Şərur rayonunda və Naxçıvan şəhərindəki türk oğlanlar liseyinin də analoji problem yaşadığını iddia edir. Liseylərdə təhsil alan tələbələrin büdcə təşkilatlarında işləyən valideynlərindən övladlarını türk liseylərindən çıxarmaq tələb edilir. Məcbur olaraq övladlarını liseylərdən çıxaran valideynlər onları yerli orta məktəblərə yerləşdirirlər.

Naxçıvanda türk liseyləri Naxçıvan Ali Məclisinin o vaxtki sədri H.Əliyevin 1992-ci ildə imzaladığı müqavilə ilə fəaliyyətə başlayıb. Ordubad qızlar liseyi isə 1993-cü ildə açılıb. Liseydə orta hesabla 200-ə yaxın qız təhsil alır. Azərbaycanda fəaliyyət göstərən 5000 lisey arasında təhsil göstəricilərinə görə Ordubad qızlar liseyi 11-ci yeri tutur.


Geri qayıt