Əsas Səhifə > Ölkə > ORXAN KƏRİMOVUN SƏHHƏTİ AĞIRDIR

ORXAN KƏRİMOVUN SƏHHƏTİ AĞIRDIR


25-04-2012, 18:56
ORXAN KƏRİMOVUN SƏHHƏTİ AĞIRDIR

MƏHKƏMƏDƏ VƏKİL HAKİMƏ ETİRAZ EDİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Orxan Kərimovun vəkili Ramiz Məmmədov vəsatətlə çıxış edərək, prosesə sədrlik edən hakim Ramella Allahverdiyevaya etiraz edib. O, bildirib ki, indiyə kimi müdafiə tərəfinin verdiyi hər hansı vəsatət təmin olunmayıb. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını bildirib. Prosesdə Orxan Kərimov da çıxış edib. O, hakimdən xahiş edib ki, onun müalicə olunması üçün şərait yaradılsın.

Proses aprelin 26-da davam etdiriləcək.

Xatırladaq ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

O.Kərimov məhkəmə prosesi zamanı çıxışında səhhəti ilə bağlı heç bir tədbir görülmədiyini, hakim Ramella Abdullayevadan onun müayinəsi ilə bağlı qərar çıxarmasını xahiş edib: “11 ayda təcridxanada mənə hərarətimi ölçməyə termometr də verilməyib”.

Ürəyində ciddi qüsurlarının olduğunu deyən O.Kərimov qeyd etdi ki, onu məqsədli şəkildə müayinə etmirlər: “Belə olan halda əməliyyatıma zərurət yarandığı meydana çıxacaq”.


Geri qayıt