Əsas Səhifə > Cəmiyyət > İQBAL AĞAZADƏDƏN İDDİA
İQBAL AĞAZADƏDƏN İDDİA11-10-2011, 14:28 |
BİZ YOXUQSA, MÜXALİFƏTİN BİRLİYİ DƏ YOXDUR “Vətəndaş Hərəkatı Forumu çərçivəsində birliyin və müxalifətin koalisiyasının yaradılması barədə fikirlər söyləmək hələ çox tezdir”. Bu açıqlamanı APA-ya Ümid Partiyasının sədri İqbal Ağazadə verib. O deyib ki, siyasi partiyaların dialoqu, müxtəlif məsələləri masa arxasında müzakirə etməsi müsbət tendensiyadır: “Burada həm Azərbaycan müxalifətinin inteqrasiya prosesi, həm də problemlərə münasibətdə baxışların formalaşması istiqamətində danışıqlar gedir. Hər halda Vətəndaş Hərəkatı Forumu çərçivəsində hansısa birliyə nail olunması fikirləri reallığı əks etdirə bilər. Əlbəttə ki, tərəflər israrlı olsa. Hələlik danışıqlar gedir. İndidən fikir söyləmək tezdir”. Müsavat Partiyası ilə AXCP-nin iştirakı olmadan müxalifətin birliyinə nail olmağın qeyri-mümkünlüyü haqda deyilənlərə də münasibət bildirən İ. Ağazadə deyib ki, müxalifətin birliyi Ümid Partiyası olmadan da mümkün deyil: “Azərbaycanda 5-6 partiya var ki, bunların hər hansı birinin olmaması, müxalifətin ümumi birliyi haqqında təsəvvürləri alt-üst edir. O cümlədən də Ümid Partiyası həmin birlikdə yoxdursa, müxalifətin vahid birliyi haqqında danışmaq mümkün deyil”. Forum çərçivəsində keçirilən görüşlərdə növbəti prezident seçkisində namizədin müəyyənləşməsi məsələsinə dair müzakirələrin aparılıb-aparılmaması ilə bağlı sualı da cavablandıran İ. Ağazadənin sözlərinə görə, forum çərçivəsində partiya rəhbərlərinin görüşündə müxtəlif məsələlər barəsində müzakirələr gedir. Amma o müzakirələri mətbuata çıxarmağa səlahiyyəti yoxdur. Ümid lideri qeyd edib ki, hazırda proses danışıqlar mərhələsindədir. Danışıqların növbəti raundu oktyabrın 19-da Ümid Partiyasının qərargahında keçiriləcək. Geri qayıt |