Əsas Səhifə > Cəmiyyət > BƏYLƏR ƏYYUBOV KEÇMİŞ İŞÇİSİNİ TUTDURUR

BƏYLƏR ƏYYUBOV KEÇMİŞ İŞÇİSİNİ TUTDURUR


24-04-2012, 18:41
BƏYLƏR ƏYYUBOV KEÇMİŞ İŞÇİSİNİ TUTDURUR

“TAPANÇA TAPANDA MÜKAFAT VERİRDİLƏR”...

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədovun təşkilatçılığı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş zabiti, baş leytenant Asif Lətifova qarşı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işinin qaldırılması ilə bağlı növbəti mətbuat konfransı keçirilib. Konfransda ilkin olaraq çıxış edən hüquq müdafiəçisi Ələkbər Məmmədov, 1,2 il bundan qabaq baş vermiş və tərkibində heç bir cinayət əməli olmayan işə görə Asif Lətifova qarşı cinayət işinin açıldığını bildirdi:

“Asif Lətifov 1,2 il bundan öncə xidmətdə olarkən onun mühafizəsində olan ərazidən güllə tapıb. Gecə saat 2-də növbəni dəyişərkən idarədə hər hansı bir rəsmi olmadığına görə, gülləni səhəri gün gətirərək idarənin daxili araşdırmalar şöbəsinə təqdim edib. Bunu bəhanə gətirən Asifin komandiri Fikrət Rzayev, onun barəsində töhmət verərək işdən xaric edib. Lakin Fikrət Rzayevin belə bir addım atmasına səbəb onun Asif Lətifova qarşı xüsusi qərəzindən baş verib. Belə ki, general-polkovnik Bəylər Əyyubovun yaxın qohumu olan Fikrət Rzayev yeni vəzifəyə gəldiyi gündən etibarən zabitlərdən hər ay 30 manat pul yığmağa başlayıb. Buna etiraz edən Asif Lətifov həmin gündən etibarən Fikrət Rzayevin qəzəbinə tuş gəlib. Asif Lətifov gülləni tapdığı gün komandiri Fikrət Rzayevlə şəxsi intiriqalarının olduğuna görə təqdim etməyib. Fikrət Rzayevdə bunu əsas götürərək Asif Lətifovun işdən çıxardılmasına dair göstəriş verib.

Ələkbər Məmmədov sonra qeyd etdi ki, Asif Lətifov özünə qarşı baş verən haqsızlıqlığa susmadığına və bununla bağlı ictimai kampaniya həyata keçirdiyinə görə, 1,2 il bundan öncə baş verən hadisə ilə bağlı heç bir əsas olmadan ona qarşı cinayət işi açıblar: “Əslində bu məsələdə ilk öncə Fikrət Rzayeva qarşı cinayət işi açılmalıdır. Çünki o, xidməti dövründə Asif Lətifovun tapdığı güllənin yerinə başqasını qoyaraq yalandan güllənin tapıldığını bildirib. Halbuki əgər Asif Lətifovun işində cinayət tərkibi var idisə nəyə görə, ona həmin dövrdə yox, 1 ildən sonra cinayət işi açılıb. Bu fakt kifayətdir ki, işin sifarişli olmasını sübut etsin. Halbuki Asif Lətifov həmin hadisədən bir neçə il öncə prezidentin kartejinin keçdiyi ərazidən tapança taparaq təhvil verdiyinə görə külli miqdarda pulla təltif edilmişdi. Nə oldu, tapança tapanda mükafat verirlər, güllə tapanda isə cinayət işi açırlar?”

Aidiyyatı qurumların məsələni qısa bir zaman ərzində yoluna qoymayacaqları halda beynəlxalq təşkilatlara müraciət edəcəklərini qeyd edən hüqu müdafiəçisi, hazırda xarici ölkə səfirliklərinə təqdim etmək üçün xüsusi müraciətlət hazırladıqlarını bildirdi.

Sonra çıxış edən zərərçəkən Asif Lətifov ona qarşı irəli sürülən ittihamların hamısının sifarişlə olduğunu bildirdi: “Baş prokurorluqdan mənə xəbər verdilər ki, sənin barəndə Cinayət Məcəlləsinin 228.1 və 232.2.3 maddəsi ilə cinayət işi açılıb. Baş prokurorluğa getdikdən sonra bildirdilər ki, sən hərbçi olduğuna görə sənin işini Hərbi Prokurorluq araşdıracaq. Respublika Prokurorluğunda məndən izahat alan müstəntiq Tahir Əliyev bildirdi ki, dilini dinc qoymadığına görə sənə qarşı bu cür sifarişli ittihamlar irəli sürülüb. Hazırda bizi heç yerdə işə götürmürlər. Hara gediriksə idarədən zəng edib tapşırırlar ki, onları işə götürməyin.”

Asif Lətifov sonra qeyd etdi ki, onunla düşmənçilik edən komandiri Fikrət Rzayev yaxınları vasitəsilə ona məlumat göndərib ki, elə eləməsin ki, onu dəlixanaya saldırım: “Bizdə olan məlumata görə, mənə qarşı cinayət işi Bəylər Əyyubovun sifarişi ilə açılıb. Anam bir neçə dəfə Bəylər Əyyubovun qəbuluna düşmək istəməsi ilə bağlı müraciət etsə də heç bir cavab verilməyib. Heç bir yerə məktub göndərə bilmirəm. Azərpoçtdan mənim məktublarımla bağlı qadağa mövcuddur. Bilmirik problemimizlə bağlı kimə müraciət edək.”

Geri qayıt