Əsas Səhifə > Cəmiyyət > MƏMURLARIN KOMPENSASİYA KORRUPSİYASI

MƏMURLARIN KOMPENSASİYA KORRUPSİYASI


24-04-2012, 13:30
MƏMURLARIN KOMPENSASİYA KORRUPSİYASI

SEL QAÇQINLARINA AYRILAN PULLARI KİM YEYİB?

2010-cu ilin daşqınlarından zərər çəkmiş Kürdəmir rayonunun Mollakənd kəndinin 83 yaşlı sakini Sahab Əliyevin ailəsi ona ayrılan kompensasiyanı hələ də bütöv şəkildə ala bilmir.

Martın 28-də Bakıda 1 saylı İnzibati-İqtisad Məhkəməsində keçirilən iclasda daşqından sonra Əliyevlər ailəsinin ala biləcəyi kompensasiya ətrafında maraqlı fakt aşkarlanıb.

Martın 28-də məhkəmə iclasında Əliyevlərin nümayəndəsi Qulu Hüseynov bildirib ki, 6 nəfərlik ailə ümumi məbləği 400 manat həcmində kompensasiya alıb. FHN-nin nümayəndəsi isə Əliyevlər ailəsinin 2600 manat alması barədə sənədi təqdim edib.

Martın 31-də iddiaçının Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədovla görüşündə rayon poçt şöbəsinin nümayəndəsi Əliyevlərin cəmi 400 manat almasına dair rəsmi sənədi göstərib.

Q.Hüseynov Turan-a bildirib ki, V.Məmmədov vəd edib ki, qalan məbləğ ödəniləcək və göstəriş verib ki, komissiya ilk növbədə Əliyevlərin evinə baxış keçirsin.

Öz növbəsində V.Məmmədov Turan-ın müraciətinin cavabında deyib ki, FHN-dən bildirilib ki, kompensasiyanın məbləğinin 400 manat olması düzdür və 2600 manatdan söhbət belə gedə bilməz.

Lakin martın 28-də iclasda iştirak etmiş regional İnsan Hüquqları Mərkəzi QHT-nin sədri Lətafət Məlikova Turan-a bildirib ki, məhkəmədə FHN nümayəndəsi Əliyevlər ailəsinin 2600 manat almasına dair sənədi şəxsən təqdim edib.

Turan-ın FHN-dən bununla bağlı açıqlama almaq cəhdi baş tutmayıb.

Qeyd etmək lazımdır ki, 6 nəfərlik ailəyə 400 manat məbləğində kompensasiyanın verilməsi real deyil. Nazirlər Kabinetinin 197s saylı sərəncamına əsasən ailə üzvlərinin hər biri kompensasiyanın növündən asılı olaraq ən azı 200 manat və çox ala bilər.

Daşqından zərər çəkən digər şəxslər kimi, Əliyevlərin də vəkil edilmiş nümayəndəsi “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev olub. O, aprelin 8-də qondarma xuliqanlıq ittihamı, sonra isə kütləvi iğtişaşlara çağırış ittihamı ilə həbs edilib.

“Kür” qərargahı kompensasiyaların verilməsi zamanı miqyaslı maxinasiyaların olması barədə dəfələrlə məlumat verib, lakin hakimiyyət bu məlumatları yoxlamaqdan imtina edib. FHN də kompensasiyanın həcmini və onları alan şəxslərin adlarını öz veb-saytında açıqlamır.


Geri qayıt