Əsas Səhifə > Cəmiyyət, Manşet > KƏRƏM HƏSƏNOVA QARŞI KAMPANİYA

KƏRƏM HƏSƏNOVA QARŞI KAMPANİYA


23-04-2012, 14:30
KƏRƏM HƏSƏNOVA QARŞI KAMPANİYA

KOMİTƏ SƏDRİNİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İŞTAHASI ONU HƏDƏFƏ ÇEVİRİB

DİA.AZ: - 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə qarşı təşkil olunan kampaniya zamanı xüsusi fəallıq nümayiş etdirən indiki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov özünü hədəfə çevirib. Bu barədə məlumatlar DİA.AZ-a hökumət içindəki qaynaqlar tərəfindən ötürülüb.

Bildirək ki, Kərəm Həsənov əslində ilk əvvəl Fərhad Əliyevin kadrı olub və onu o zamanlar mərhum prezident Heydər Əliyevə də məhz Fərhad Əliyev təqdim edib. Sonradan Fərhad Əliyevin kölgəsi altında çiçək açan Kərəm Həsənov keçmiş nazirin ilk ayaq büdrəməsindəcə ona qarşı getməklə, bugünkü mövqe genişlənməsinin təməlini atmış oldu. Və bu gün iqtisadi imkanlarına görə kifayət qədər samballı mövqe sahibi olan komitə sədri hətta siyasi proseslərə də müdaxilə imkanına malikdir.

Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, Kərəm Həsənovun bu şəkildə fövqəlyüksəlişi onu dünənə qədər himayə edənlərin heç də ürəyincə deyil. Bildirək ki, Kərəm Həsənov 2005-ci ilin 17 Oktyabr hadisələrindən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bayrağı altına keçməli oldu və sonradan Prezident Administrasiyasının rəhbərliyi ilə də ikili oyunlar oynamağa başladı. Elə bunun nəticəsidir ki, bu gün bütün tərəflər Kərəm Həsənovu özününkü hesab edir.

Mənbəmizin məlumatına görə, Kərəm Həsənovun bu şəkildə oyunlar oynaması və eləcə də aşkar surətdə konkret hədəflər uğrunda mübarizə aparması hakimiyyət içində qərarlaşan böyük ranqlı məmurların qəzəbinə səbəb olub: «Söhbət Kərəm Həsənovun iqtisadi inkişaf naziri olmaq niyyətiylə bağlıdır. Bu günlərdə məclislərin birində yaxın çevrəsinə «artıq nazir postuna hazıram, imkanım da var» şəklində ismarıc verən Kərəm Həsənovun hansı posta ida etməsi aydın olduğundan, bu olaydan xəbərdar edilən iri çinlilər komitə sədrinin həddən-ziyadə şişməsinin qarşısını almaq qərarını veriblər. Maraqlıdır ki, eyni qərarlar müxtəlif istiqamətlərdən - bir-birinə rəqib cinahlardan verilib. Bu isə o deməkdir ki, Kərəm Həsənov ümumiqtidar düşərgəsi üçün arzuolunmaz şəxs elan edilib».

Yaxın günlərdə bu qərarın təzahürünün dövrü mətbuatda da rezonans yaradacağını bildirən mənbəmiz onu da qeyd etdi ki, əslində belə bir kampaniyanın başlaması Kərəm Həsənovun nəinki nazir postuna aparan yolunu bağlamış olacaq, eyni zamanda onun ƏMDK-dəki mövqelərinə də ciddi zərbə ilə nəticələnə bilər.


Geri qayıt