Əsas Səhifə > Cəmiyyət > OQTAY GÜLALIYEVƏ HƏMKAR DƏSTƏYİ
OQTAY GÜLALIYEVƏ HƏMKAR DƏSTƏYİ23-04-2012, 12:23 |
QHT KOALİSİYASI GÜLALIYEVİN HƏBSİNİ PİSLƏYİR DİA.AZ: - Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevin qanunsuz həbsilə bağlı bəyanat yayıb. DİA.AZ-a daxil olan bəyanatda deyilir: “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Monitorinq Qrupunun üzvü, “Demokratik İslahatlar Uğrunda” İctimai Birliyin sədri, “Şəffaflıq” jurnalının baş redaktoru Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqından ziyan çəkmiş vətəndaşlara yardımın ədalətli paylanması tələbi ilə etiraz aksiyası keçirən yerli sakinlərlə görüşü zamanı qanunsuz olaraq saxlanılıb və ona 12 sutka inzibati həbs cəzası verilib. Aprelin 19-da isə Sabirabad rayon prokurorluğu Oqtay Gülalıyevə qarşı CM-in 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açıb və elə həmin gün məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Oqtay Gülalıyevə qarşı irəli sürülən hər iki ittiham üzrə məhkəmə prosesi gizli aparılaraq kobud qanun pozuntusuna yol verilib. Belə ki, o, vəkillə təmin olunmayıb. Eyni zamanda, O.Gülalıyevin Sabirabad rayon Polis Şöbəsində saxlanılarkən şöbənin rəis müavini Rauf Məcidov tərəfindən döyüldüyünü bildirməsinə və bu barədə Daxili İşlər Nazirinə müraciət edilməsinə baxmayaraq bununla bağlı araşdırma aparılmayıb. O.Gülalıyev Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün genişlənməsi, neft gəlirləri üzərində ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin xərclənməsi zamanı korrupsiya qarşı mübarizə istiqamətində prinsipial fəaliyyəti ilə seçilən QHT rəhbəridir. O, iki dəfə Ictimai Birliklərin MSŞA Koalisiya Şurasının üzvü seçilib. Son illər ərzində həmçinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi kimi daşqınlardan əziyyət çəkmiş insanlara büdcədən ayrılan 500 milyon dollaradək vəsaitin ədalətli şəkildə bölüşdürülməsinə ictimai nəzarətin təmin edilməsi, bu sahədə mövcud olan problemlərin, korrupsiya hallarını aşkara çıxarılması istiqamətində fəaliyyət göstəririb. İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyası hesab edir ki, O.Gülalıyevin həbsinin motivi onun vətəndaş cəmiyyəti fəalı kimi peşəkar fəaliyyətinin, neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətindki davamlı işi ilə əlaqədardır. Odur ki, MSŞA Koalisiyası bu qərarın onun və bütövlükdə şəffaflıq uğrunda mübarizə aparan vətəndaş cəmiyyəti fəallarının susudurulmasına xidmət etdiyini bəyan edir, neft gəlirləinin xərclənməsi sahəsində şəffaflığın təminatında vətəndaş cəmiyyətinin iştirakının məhdudlaşdırlmasına yönələn addım kimi qiymətləndirir. Koalisiya hesab edir ki, baş vermiş hadisə Azərbaycanda hüquq müdafiəçilərini, şəffaflığın artırılmasına çalışan və korrupsiya qarşı mübarizədə fəal olan digər QHT fəallarını da qorxutmaq, onları insan hüquq və azadlıqlarının müdafiəsindən, neft gəlirlərinin xərclənməsi prosesində ictimai nəzarət təşəbbüslərindən çəkindirmək məqsədi daşıyır. MSŞA Koalisiyası Oqtay Gülalıyevin həbsini qanunsuz hesab edir, onun dərhal azad olunmasını tələb edir. MSŞT Koalisiyası ölkə ictimaiyyətini, beynəlxalq təşkilatları, diplomatik korpusları və KİV nüməyəndələrinə müraciət edərək, Oqtay Gülalıyevin hüquqlarının bərpası və müdafiəsində iştirak etməyə və yerli vətəndaş cəmiyyətinin haqlı tələbinə dəstək verməyə çağırır. Sıralarında 170-ə yaxın QHT-ni birləşdirən İctimai Birliklərin MSŞA Koalisiyası bəyan edir ki, bundan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ilə daha yaxından əməkdaşlıq edərək, Qərargahın fəaliyyətinin daha da gücləndirilmsi yönündə və eyni zamanda Oqtay Güləliyevin azadlığı uğrunda ictimai dəstəyini əsirgəməyəcək”. Geri qayıt |