Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEV LOPEZ SEVDASI

RÖVNƏQ ABDULLAYEV LOPEZ SEVDASI


20-04-2012, 13:11
RÖVNƏQ ABDULLAYEV LOPEZ SEVDASI

ÖZ VƏTƏNDAŞININ EVİNİ BAŞINA UÇURAN NEFT BOSUNUN MİLYONLARI

DİA.AZ: - Artıq məlum olduğu kimi bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Bakıya Cenifer Lopez də daxil olmaqla dünyanın bir neçə tanınmış müğənnisi gələcək. Bu barədə məlumat AFFA-dan verilib.

DİA.AZ bildirir ki, Cenifer Lopezdən artıq ilkin razılıq alınıb. Digərləri ilə bağlı məsələ təsdiqlənmədiyi üçün onların adları hələlik açıqlanmayıb. Lakin qeyri-rəsmi məlumatlara görə, yarışın açılış və bağlanış mərasimində digər tanınmış müğənnilərdən Şakira, Rihanna və Madonna da iştirak edəcək. Müğənnilərin Bakıya gəlişini isə Dövlət Neft Şirkəti maliyyələşdirəcək. Müğənnilərə xərclənəcək vəsait açıqlanmasa da, onların digər dəvətlərə hansı qiymətə razılıq verdiyi məlumdur. Məsələn, Madonna və Cenifer Lopesin əlinə mikrofon alıb oxuması üçün hərəsinə iki milyon dollar ödəmək lazımdır. Rihanna və Şakiranın qonorarı isə bir milyon dollardan aşağı ola bilməz. Bu qiymət onların bir neçə mahnı ifa etməsi üçün verilir. Bu müğənniləri qatıldıqları tədbirdə bir qədər çox saxlamaq üçün isə qonorarı iki dəfə artırmaq lazımdır. Bu hesabla Madonna, Cenifer Lopes, Şakira və Rihannanın Bakıda dünya çempionatının açılış və bağlanış mərasimlərində iştirakı Dövlət Neft Şirkətinə ən azı altı milyon dollara başa gələ bilər. Müğənni xanımların Bakı səfəri bir neçə saat çəksə, ARDNŞ azı on milyon dollarından keçməli olacaq.

Dövlət Neft Şirkətinin səxavəti bununla bitmir. Xəbər verildiyi kimi, Dövlət Neft Şirkəti Gürcüstanda iki stadion tikmək üçün 40 milyon dollar ayırıb. Bundan əlavə, ArDNŞ digər ölkələrdə də sosial layihələrə milyonlarla dollar vəsait ayırır. Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti olan «Socar Energy Georgia» Gürcüstan futbol federasiyasının sponsorudur. Gürcüstan büdcəsinin 10 faizdən çoxu isə məhz ARDNŞ-nin bu ölkədəki fəaliyyəti hesabına formalaşır. Şirkət eyni zamanda özü üçün də pul xərcləməyə xəsislik etmir. Məsələn, şirkətin kifayət qədər böyük binası olduğu halda 200 metr hündürlüyündə yeni inzibati bina inşa etdirir. 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək bina dövlət büdcəsinə 1,5 mlrd dollara başa gələcək.

Ancaq nədənsə sağa-sola pul xərcəyən ARDNŞ öz vətəndaşlarına gələndə bunu etmək istəmir. Son günlərin ən çox diqqət çəkən məsələsi də məhz Dövlət Neft Şirkətinə məxsus torpaqlarda tikilən evlərin sökülməsi zamanı insanların üzləşdiyi problemlərdir. Sulutəpədə, bundan əvvəl Binəqədidə və paytaxtın digər ərazilərində evləri sökülən insanlara nəinki kompensasiya verilmir, hətta onlardan əlavə pul da istənilir. Baxmayaraq ki, dövlət başçısının evləri alınan şəxslərə kompensasiyanın verilməsi ilə bağlı göstərişi var. Ancaq bu göstərişə heç kim, xüsusilə Dövlət Neft Şirkəti məhəl qoymur və illərlə əziyyətlə özünə ev tikən insanlar çarəsiz vəziyyətdə küçəyə atılır. Hətta bu insanların evlərini məhz dövlət qurumlarının, bələdiyyələrin icazəsi əsasında tikdiyi də nəzərə alınmır. Evləri sökülən insanlara kompensasiyanın verilməməsini ARDNŞ lazımi vəsaitin olmaması ilə də izah edə bilməz. Çünki yuxarıda qeyd etdiyimiz məqsədlərə xərclədiyi vəsaitin kiçik bir hissəsi evlərindən köçürülən şəxslərə kompensasiya vermək üçün kifayət edir. Bnun üçün kiçik hesablama aparmaq kifayətdir. Məsələn, müğənnilərə xərclənəcək on milyon və Gürcüstanda stadionların tikintsi üçün ayrılan 40 milyon dollar Sulutəpədə yaşayan insanların hamısına kompensasiya vermək üçün kifayət edir. Çünki bu ərazidə torpaq sahəsi və evlərin qiyməti 30 min dollardan artıq deyil. 50 milyon dollar 1700 ailənin evlə təmin olunması üçün yetərlidir. ARDNŞ-nin inzibati binası üçün nəzərdə tutulan 1,5 mlrd dollara isə bütün neftli ərazilərdə yaşayan insanlara kopensasiya ödəmək olar. Ancaq nə Dövlət Neft Şirkəti, nə digər dövlət qurumları bu barədə düşünmək istəyir. Görünür, Cenifer Lopesin, Şakiranın, Madonnanın Bakıya bir neçə saatlıq təşrif buyurması, Gürcüstan futbolçularının daha yaxşı stadionlarda oynaması rövnəq Abdullayevi daha çox düşündürür, nəinki minlərlə ölkə vətəndaşının evsiz-eşiksiz qalması...

Geri qayıt