Əsas Səhifə > Sosial, Manşet > «COCA COLA» MƏMURLARI ÜZ-ÜZƏ QOYDU

«COCA COLA» MƏMURLARI ÜZ-ÜZƏ QOYDU


20-04-2012, 12:16
«COCA COLA» MƏMURLARI ÜZ-ÜZƏ QOYDU

ŞİRKƏTƏİN MÜDAFİƏÇİLƏRİ ŞAHİN MUSTAFAYEVİ DƏ HƏDƏFƏ ALDILAR

DİA.AZ: - Neçə müddətdir ki, cəmiyyət hakimiyyət içində cərəyan edən olaylarla və ələlxüsus da məmurlar arasındakı konfliktlərlə bağlı məlumatlandırılmaqdadır. Onu da bildirək ki, artıq böyük pullar uğrunda savaşa çıxan oliqarx-məmurlarımız hətta bir-birilərinin əleyhlərinə apardıqları kampaniya zamanı ümumiqtidar mənafelərini belə ayaq altına alırlar.

Yəni vəziyyət bu həddə kəkinləşib. DİA.AZ redaksiyasına ötürülən son məlumatlardan isə aydın olur ki, bu vurhavurda artıq 3-cü iqtisadi inkişaf naziri hesab olunan Şahin Mustafayev də hakimiyyət içindəki nəhənglərin hədəfinə çevrilib. Mənbəmiz bildirir ki, bir zamanlar vergilər nazirliyində işləmiş Şahin Mustafayev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı kimi tanınır və elə buna görə də, cəmiyyət arasında Şahin Mustafayevi Kəmaləddin Heydərovun inhisarçı maraqlarının keşikçisi kimi təqdim edirlər.

Kəmaləddin Heydərovun «Gilan» Holdinqi limonad istehsal etməyə başlayanda Bakıdakı limonad sexləri İİN tərəfindən hədəaz alındı. Kəmaləddin Heydərov təbii şirə istehsal edəndə, təbii şirə istehsalçılarını İİN-nin əməkdaşları divan tutmağa başladı. Son olaraq isə İİN məşhur «Coca Cola»ya qarşı hərəkətə keçib ki, bu işdə də Kəmaləddin Heydərovun monapolist marağının əlahiddə səbəb kimi çıxış etməsi heç şübhəsizdir.

Mənbəmizin məlumatlarından aydın olur ki, elə buna görə də, birbaşa olaraq Prezident Administrasiyası tərəfindən himayə olunan «Coca Cola»nın azərbaycandakı rəhbərliyi İİN-nin dünəndən etibarən start götürən hücumlarından müdafiə olunması üçün birbaşa olaraq PA rəhbərliyinə müraciət edib.

Mənbəmiz bildirir ki, rəhbərlikdən şirkətə müsbət cavab verilib və eyni zamanda «Coca Cola» ilə bağlı açıqlaması səbəbindən İİN-dən hesabat da istənilib.

Xatırladaq ki, dünən sözügedən şirkətlə bağlı rəsmi mövqe ortaya qoyulmuşdu. Məlumatda deyilirdi ki, "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin 16 aprel 2012-ci il tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərini artırmaq niyyəti ilə əlaqədar, müəssisənin bu hərəkətində bazarda hökmran mövqedən sui-istifadə hallarının, o cümlədən süni qiymət artımının olub-olmamasının araşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-dən zəruri məlumatlar tələb edilib.

İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, lakin müəssisə tələb olunan məlumatları tam şəkildə təqdim etməyib və nəzərdə tutulan qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb.

"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin şəkərli sərinləşdirici spirtsiz içkilər bazarında hökmran mövqe tutması ilə əlaqədar bu bazarda rəqabətin vəziyyətinə və qiymətlərə təsir göstərmək imkanına malik olduğunu, qiymətlərin iqtisadi cəhətdən əsaslandırılmadan artırılmasının hökmran mövqedən sui-istifadə edilməsinə və qiymətlərlə manipulyasiya edilməsinə səbəb ola biləcəyini nəzərə alaraq, yuxarıda göstərilən tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə icrası məcburi göstəriş verilib.

Buna baxmayaraq, son günlər aparılan monitorinqlər zamanı "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC tərəfindən bir lirtlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərinin artırıldığı və nəticədə bu məhsulların pərakəndə satış qiymətlərinin 50 qəpikdən 60 qəpiyədək bahalaşdığı müəyyən edilib.

Dövlət Xidmətinin icrası məcburi göstərişinə əməl edilməməsi ilə əlaqədar "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalara başlanıb.

İndi isə aydın olur ki, şirkətlə bağlı məsələ hakimiyyəti içindən silkələyib. Və hətta Kəmalədin Heydərovla Ramiz Mehdiyev toqquşmalı olub ki, burada da əsas olaraq hədəfə alınanı Şahin Mustafayev olacaq. Çünki hər zaman belə olur. Böyüklər döyüşəndə itki əvəzi olaraq kiçiklər qurban verilir. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt