Əsas Səhifə > Cəmiyyət > JURNALİSTLƏR BİR NÖMRƏLİ HƏDƏFDİR
JURNALİSTLƏR BİR NÖMRƏLİ HƏDƏFDİR19-04-2012, 16:07 |
MHİ TƏZYİQLƏRİN ARTACAĞINI ANONS ETDİ Media Hüququ İnstitutu (MHİ) cümə axşamı RATİ-də 2012-ci ilin ilk 3 ayı ilə bağlı ölkədə diffamasiyanın durumuna dair aralıq hesabatını açıqlayıb. Öncə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun diffamasiya haqqında qanunu qəbul eməyə medianın, cəmiyyətin, eləcə də hökumətin hazır olmaması barədə bəyanatı müzakirə edilib. Hüquqşünas Ələsgər Məmmədli qanunun qəbuluna hökumət, hüquq-mühafizə orqanları və ölkə məhkəmələrinin hazır olmadığını deyib. 2011-ci ildə jurnalistlərə qarşı törədilən 90, bu ilin 3 ayı ərzində isə 30-u keçən hüquqazidd əməllərin araşdırılmamasını həmin hazır olmamanın göstəricisi sayıb. Bəzi hallarda jurnalistlərə qarşı zorakılıq edən şəxslər polisə təhvil verildikdə belə bu şəxslərə qarşı cinayət işi açılmayıb. Beləliklə, hüququn aliliyi təmin edilməyib. “Turan” agentliyinin direktoru Mehman Əliyev qanunun qəbul olunmamasında iqtidarın maraqlı olduğunu deyib. Belə ki, qanun olmadıqca rəsmi Bakı jurnalistləri rahat cəzalandıra bilir. Ölkədə siyasi fəallıq artdıqca jurnalistlərin zorakılıq hədəfinə döndüyü deyilib. Çünki iqtidara görə, jurnalistlər hadisələr haqda məlumatlar yaymasalar ölkədə etirazlar baş verməz. Beləliklə, iqtidar ölkədə etirazlara səbəb kimi özünün qanunazidd əməllərini yox, bu qanunazidd əməlləri yayımlayan jurnalistləri görür. Bu və ya digər rəsmi qurumların qanunazidd əməlləri foto-videogörüntülər olaraq sosial şəbəkələrdə yayılaraq biabır edilir. Odur ki, son zamanlar foto-video reportyorlar xüsusi olaraq zorakılıq hədəfinə dönür. M.Əliyev qarşıda 2013-cü il prezident seçkiləri gəldiyini xatırladaraq jurnalistlərə basqıların artacağı barədə xəbərdarlıq edib. Hesabata gəlincə, 6 jurnalistin həbsdə olduğu, bu ilin 3 ayında jurnalistlərə qarşı 30 fiziki zorakılıq, təhdid və hədə-qorxu faktının qeydə alındığı bildirilib. Aparılan istintaqlar jurnalistlərin həbsinə səbəb kimi peşə fəaliyyətini yox, xuliqanlıq, vergidən yayınmaq, məhkəmə qərarını icra etməmək, narkotika, asayişi pozmaq, səlahiyyət həddini aşmaq kimi dolayı ittihamlar irəli sürürlər. Hesabat bu ittihamların hamısını əsassız sayır. Bu müddətdə məhkəmə icraatına jurnalistlərlə bağlı 15 iddia və şikayət qəbul edilib. Bu iddialar “Azadlıq”, “Xural” və “Yeni Müsavat” kimi tənqidçi media orqanlarına qarşıdır. 15 iddiadan 5-i yeni xüsusi ittiham qaydasındadır və bunun 3-nü Müdafiə Nazirliyi “Yeni Müsavat” qəzetinə qarşı qaldırıb. Bu müddətdə mediadan tələb edilən təzminatın ümumi dəyəri 2 milyon 850 manat təşkil edir. Hesabatda “İnformasiya əldə etmək haqqında” qanunun onsuz da işləmədiyi, dəyişikliklərdən sonra tamam mənasızlaşacağı qeyd edilib. Belə ki, informasiya sahiblərinin, omdudsmanın hesabatlılığı ilə bağlı maddələr qanundan çıxarılır. Sənəddə bu, informasiya əldə etmək hüququnun məhdudlaşdrılması adlandırılır. Geri qayıt |