Əsas Səhifə > Cəmiyyət > “QOLUZORLULAR AZƏRBAYCANA ZƏRƏR VURUR”

“QOLUZORLULAR AZƏRBAYCANA ZƏRƏR VURUR”


19-04-2012, 16:04
“QOLUZORLULAR AZƏRBAYCANA ZƏRƏR VURUR”

DEPUTAT DA ARDNŞ-NİN ƏMƏLLƏRİNİ PİSLƏDİ

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verən hadisə zamanı jurnalist İdrak Abbasov və Camal Əliyevin döyülməsi faktını çox pisləyirəm. Bunu SalamNews-a Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Hadisə baş verən zaman İmişlidə olduğunu və Bakıya bu gün gəldiyini xatırladan deputat hadisə barədə məlumatı internetdən öyrəndiyini söyləyib. O, İ.Abbasovun döyülməsini göstərən fotoşəkilləri gördüyünü və bundan təsirləndiyini vurğulayıb.

Ç.Qənizadə deyib: “Bu məsələni araşdıracam və hadisəyə deputat olaraq mənfi münasibətimi bildirəcəm. Jurnalistə əl qaldırmaq olmaz. Hüquq müdafiəçisi və deputat kimi mətbuat vasitəsilə bu məsələyə mənfi münasibətimi bildirirəm, onları vuran şəxslərin cəzalandırılmasını tələb edirəm. Qoluzorluların qanunsuz hərəkəti bütövlükdə Azərbaycanın imicinə xələl gətirir. Vuran şəxs əvvəlcədən maarifləndirilsəydi, o zaman adamları vurmazdı. Özü də İ.Abbasov jurnalist gödəkçəsi geyinib. Təbii ki, İ.Abbasovun vurulması cinayətdir və siz jurnalistlərlə birgə mən də deputat olaraq günahkarların tapılıb cəzalandırılmasında yaxından iştirak edəcəyəm”.

Xatırladaq ki, aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililəri sökərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib.


Geri qayıt