Əsas Səhifə > Cəmiyyət > ÖLKƏ JURNALISTLƏRİ BİR ARAYA GƏLDİLƏR

ÖLKƏ JURNALISTLƏRİ BİR ARAYA GƏLDİLƏR


19-04-2012, 14:30
ÖLKƏ JURNALISTLƏRİ BİR ARAYA GƏLDİLƏR

ƏGƏR BELƏ DAVAM EDƏRSƏ...

“Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun döyülməsi ölkə jurnalistlərini bir araya gətirib. “Qafqazinfo”nun məlumatına görə, bu gün Azərbaycanın tanınmış jurnalistləri Arif Əliyev, Mehman Əliyev, Rauf Arifoğlu, Bahəddin Hacıyev, Akif Aşırlı, o cümlədən Amerikanın ölkəmizdəki səfirliyinin əməkdaşları “Zerkalo” qəzetinin redaksiyasında toplaşıblar. Toplantıda qeyd olunub ki, indiyə qədər Azərbaycanda jurnalistlərin döyülməsi faktları dəfələrlə qeydə alınsa da, bunlarla bağlı ölçü götürülməyib. Açılan cinayət işlərinə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu cəzasızlıq şəraitində jurnalistlərin döyülməsi, təhqir olunması prosesi davam etməkdədir.

Jurnalistlər həmrəylik nümayiş etdirərək qərara gəliblər ki, bu artıq son həddir və buna dözmək olmaz.

Qeyd edək ki, dünən baş verənlərlə bağlı dünyanın bir sıra aparıcı media orqanları məsələyə reaksiya vermişdilər. Təəssüflə qeyd olunub ki, beynəlxalq media informasiyanı yerli mediadan daha operativ şəkildə işıqlandırıb.

Toplantıda vurğulanıb ki, qoçuların jurnalistləri döyməsi faktı ciddi araşdırılana, günahkarlar konkret cəzalandırılana qədər məsələ diqqətdə saxlanılacaq:

“Artıq Azərbaycanda jurnalistlərin döyülməsi ilə bağlı ölçü götürülməsə, bir azdan ölkədə jurnalistləri Mədəniyyət Nazirliyi də döyəcək”.


Geri qayıt