Əsas Səhifə > Güney Press, Araşdırma > TÜRKİYƏNİN HAVASI BİZƏ DÜŞƏRLİ OLMADI

TÜRKİYƏNİN HAVASI BİZƏ DÜŞƏRLİ OLMADI


19-04-2012, 12:44
TÜRKİYƏNİN HAVASI BİZƏ DÜŞƏRLİ OLMADI

YAĞIŞ, FIRTINA AZƏRBAYCANA DA TƏSİR EDƏCƏK

“Türkiyədə baş verən güclü yağış və fırtınanın Azərbaycan ərazisinə elə də güclü təsiri yoxdur.

Bu prosesin qismən təsiri nəticəsində Azərbaycanın qərb rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Qazax, Gəncə bölgəsində şimşəklə müşahidə olunan qısamüddətli yağışlar gözlənilir”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Aprelin 20-də şimal-qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu bu gün paytaxtda 21-26 dərəcə, ayın 20-21-də 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 20-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gündüz 21-26 dərəcə, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

Aprelin 21-də də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 22-27 dərəcə, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

Qeyd edək ki, aprelin 18-də Türkiyə ərazisində baş verən fırtına və güclü yağış nəticəsində İstanbul və Ankara da daxil olmaqla, bir neçə vilayətdə tikililərdə dağıntı qeydə alınıb, ölən və yaralananlar olub.


Geri qayıt