Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCAN MTN-İNƏ BEYNƏLXALQ ETİMADSIZLIQ

AZƏRBAYCAN MTN-İNƏ BEYNƏLXALQ ETİMADSIZLIQ


18-04-2012, 15:33
AZƏRBAYCAN MTN-İNƏ  BEYNƏLXALQ ETİMADSIZLIQ

«AVROVİZİYA» YARIŞMASININ MÜHAFİZƏSİ İSRAİLƏ HƏVALƏ EDİLİB

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda keçirilməsi planlaşdırılan «Avroviziya» yarışmasına düşmən Ermənistan tərəfi ilk əvvəl qatılacağını bəyan etsə də, sonradan bu fikirdən vaz keçdi. Maraqlı orası idi ki, erməni tərəfi imtina qərarını izah edərkən daha çox təhlükəsizlik mövzusunda narahatçılıq keçirdiklərini ifadə etmişdilər. Halbuki rəsmi Bakı bu məsələdə İrəvana və beynəlxalq təşkilatlara rəsmən təminat vermişdi.

İndi isə «Avroviziya» yarışmasının təhlükəsizlik məsələsi yenidən gündəmə gətirilir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu işdə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin qüvvəsinin və təcrübəsinin yetərsizliyindən narahatçılıq keçirən müsabiqə təşkilatçıları ABŞ və İsrailin azərbaycana yardım etməsinə nail olublar. Lakin əsas ağırlığın yəhudi kəşfiyyatına düşdüyü də söylənilir.

Mənbəmiz bildirir ki, əslində görüntüdə olan təhlükəsizliyin polis tərəfindən təmin edilməsində problem yoxdur: «Əslində burada ağır bir iş də yoxdur. Polis otellərdə və turistlərin hərəkət edəcəyi ünvanlarda keşik çəkəcək. Əsas olanı kəşfiyyat baxımından təhlükəsizliyin təminatından gedir. Yəni artıq həm vəhabilər və həm də iranmeyilli qüvvələr rəsmən hədələrini səsləndirirlər və onların yarışma zamanı hansısa təxribatlara imza atma ehtimalları olduqca yüksəkdir. Belə olan təqdirdə MTN dörd gözlə çalışmaq zorundadır».

Mənbəmiz bildirir ki, artıq bir aydır İsrailin xüsusi xidmət orqanları Bakı ilə məhz «Avroviziya»nın təhlükəsizliyinin təminatı müstəvisində əməkdaşlıq edir və bu günlərdə Tel-Əvivdən böyük bir agent heyəti Azərbaycana gəlib.


Geri qayıt